Təyyarədə Ebola təlaşı: ABŞ marşrutu Kanada ilə dəyişdirildi
Demokratik Konqo Respublikasından (DKR) olan bir sərnişinin yeni qüvvəyə minən Ebola səyahət məhdudiyyətlərinə baxmayaraq səhvən təyyarəyə qəbul edilməsi səbəbindən “Air France”a məxsus sərnişin təyyarəsi marşrutunu dəyişmək məcburiyyətində qalıb.
AFN.az xəbər verir ki, Fransanın paytaxtı Parisdən havaya qalxaraq ABŞ-ın Detroyt şəhərinə istiqamətlənən təyyarə ABŞ gömrük rəsmilərinin enişə icazə verməməsi səbəbindən Kanadanın Monreal şəhərinə təcili eniş edib.
ABŞ Gömrük və Sərhəd Mühafizə İdarəsi (CBP) tərəfindən verilən açıqlamada Ebola virusu riskini azaltmaq məqsədilə tətbiq edilən giriş məhdudiyyətləri səbəbindən sözügedən sərnişinin təyyarəyə minməsinə icazə verilməməli olduğu bildirilib.
Açıqlamada “CBP qətiyyətli bir addım ataraq bu sərnişini daşıyan təyyarənin Detroyt Metropolitan Ueyn Kaunti Hava Limanına enməsini qadağan etmiş və təyyarəni Monreala yönləndirmişdir” ifadələri yer alıb.
Qeyd edək ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) və Daxili Təhlükəsizlik Nazirliyi (DHS) Şərqi və Mərkəzi Afrikada baş qaldıran yeni Ebola epidemiyasının ölkəyə girişinin qarşısını almaq üçün müvəqqəti tədbirləri işə salıb.
Bu çərçivədə son 21 gün ərzində Uqanda, Demokratik Konqo Respublikası və ya Cənubi Sudanda olmuş və ABŞ pasportu daşımayan əcnəbi vətəndaşların ölkəyə girişi 30 gün müddətinə məhdudlaşdırılıb.
Yeni qaydalara görə, epidemiya bölgələrindən gələn bütün əcnəbi sərnişinləri daşıyan təyyarələrin yalnız Virciniyadakı Vaşinqton-Dulles Beynəlxalq Hava Limanına eniş etməsinə icazə veriləcək.
ABŞ hökumətinin qabaqcıl ictimai səhiyyə tədbirlərini və müayinə resurslarını bu hava limanında mərkəzləşdirdiyi qeyd olunub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru epidemiyanın miqyasına diqqət çəkərək, indiyə qədər bölgədə təxminən 600 şübhəli Ebola yoluxması və 139 şübhəli ölümün qeydə alındığını bildirib.
Baş direktor DKR-də təsdiqlənmiş yoluxma sayının 51 olduğunu, lakin epidemiyanın real miqyasının çox daha böyük olduğunu vurğulayıb.
Uqandada da indiyə qədər iki yoluxmanın təsdiqləndiyi, həmçinin DKR-də vəzifə icra edən bir ABŞ vətəndaşının da Ebola testi müsbət çıxdığı üçün müalicə məqsədi ilə Almaniyaya köçürüldüyü açıqlanıb.

