Qazaxıstan və Türkiyə milyardlıq birgə layihələrə başlayır
Astana şəhərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana iki ölkənin birgə investisiya layihələri təqdim olunub.
"Tengrinews.kz" saytının məlumatına görə, müxtəlif regionlarda zavodların, logistika mərkəzinin və dağ-mədən kombinatının tikintisi nəzərdə tutulur ki, bu da 3100-dən çox yeni iş yerinin açılmasına imkan verəcək. Layihələr çərçivəsində Abayda dağ-mədən kombinatı, Almatıda jelatin istehsalı, Türküstanda bioloji aktiv əlavələrin hazırlanması, Aqtöbe hava limanında logistika mərkəzi və Astanada buğda emalı zavodu inşa ediləcək.
AFN.az xəbər verir ki, hazırda ümumi dəyəri təxminən 4 milyard dollar olan daha 50 birgə layihə üzrə işlər davam edir. Təqdimat Astanada hər iki liderin iştirakı ilə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində baş tutub.




