ABŞ-da məişət zəminində dəhşətli qətliam: 7 nəfər öldürülüb


ABŞ-ın Ayova ştatının Maskatin şəhərində baş verən silahlı insident nəticəsində, şübhəli şəxs də daxil olmaqla, azı 7 nəfər həlak olub. Hüquq-mühafizə orqanlarının ilkin rəyinə görə, hadisəyə ailədaxili münaqişə səbəb olub.

AFN.az yerli nediaya istinadən xəbər verir ki, iyunun 1-də yerli vaxtla saat 12:12-də atışma barədə daxil olan ilk siqnal üzrə hadisə yerinə gələn asayiş keşikçiləri bir evdə 4 nəfərin meyitini aşkarlayıblar. Hadisəni törətməkdə şübhəli bilinən 52 yaşlı Rayan Uillis Makfarlandın cinayət yerindən qaçdığı müəyyən edilib.

Polis tərəfindən izlənilən şübhəli şəxs şəhərin çaykənarı sahil zolağındakı piyada körpüsü yaxınlığında sıxışdırılıb. Makfarland asayiş keşikçiləri ilə təmas zamanı odlu silahla özünə qəsd edərək hadisə yerindəcə keçinib.

İstintaq tədbirlərinin davamı olaraq, polislər şəhərin digər iki nöqtəsində — başqa bir fərdi yaşayış evində və yaxınlıqdakı kommersiya müəssisəsində daha iki kişinin güllələnmiş meyitini tapıblar. Hücum edən şəxsin qətlə yetirdiyi bütün qurbanların onun öz qohumları olduğu ehtimal edilir. Maskatin şəhər Polis İdarəsi hadisə ilə bağlı genişmiqyaslı təhqiqat aparır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu