Dünyanın dörd bir yanındakı müharibələrin yükünü ən çox uşaqlar çəkir



Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya miqyasındakı müharibələrdə yaşanan qəddar qarşıdurmaların və fərq qoyulmadan edilən hücumların ən ağır bədəlini uşaqların ödədiyinə diqqət çəkərək, atəşkəs və sülh sazişlərinin pozulmasının uşaqların qarşılaşdığı böhranı daha da dərinləşdirdiyini bildirib.

AFN.az xəbər verir ki, 4 İyun Beynəlxalq Təcavüz Qurbanı olan Günahsız Uşaqlar Günü münasibətilə BMT Baş katibi Antonio Quterreşin "Uşaqlar və Silahlı Münaqişələr" başlıqlı hesabatından daxil olan məlumatlara görə, qlobal münaqişələrin fəsadlarına ən çox uşaqlar məruz qalır.

Yanvar-dekabr 2024-cü il dövrünü əhatə edən hesabatda silahlı münaqişələrin uşaqlar üzərindəki təsirlərinə dair meyllər və uşaqlara qarşı törədilən hüquq pozuntuları barədə faktlar yer alıb.

Hesabatda BMT tərəfindən təsdiqlənmiş və uşaqlara qarşı törədilmiş ağır pozuntuların statistika dinamikasına işarə edilərək vurğulanıb: "2024-cü ildə silahlı münaqişələrdə uşaqlara qarşı zorakılıq, 2023-cü illə müqayisədə ağır qanun pozuntularının sayında 25 faizlik heyrətamiz bir artımla görünməmiş səviyyəyə çatıb."

Uşaqlar qəddar qarşıdurmaların və fərq qoyulmadan reallaşdırılan hücumların əsas yükünü daşıyıblar.

Sənəddə BMT-nin 41 min 370 ağır hüquq pozuntusu faktını təsdiqlədiyi qeyd olunub. Bunların 36 min 221-i bilavasitə 2024-cü ildə, 5 min 149-u isə daha əvvəl törədilsə də, məhz 2024-cü ildə rəsmən təsdiqini tapıb.

Bu pozuntular ümumilikdə 22 min 495 uşağın həyatına təsir edib.

Hesabatda ən yüksək sayda ağır qanun pozuntusu 8 min 544 faktla Fələstin ərazilərində qeydə alınıb.

Həmçinin Konqo Demokratik Respublikasında 4 min 43, Somalidə 2 min 568, Nigeriyada 2 min 436 və Haitidə 2 min 269 pozuntu faktı təsdiqlənib.

Ən kəskin faiz artımı isə Livanda, Mozambikdə, Haitidə, Efiopiyada və Ukraynada qeydə alınıb.

Qətlə yetirilmə və şikəst edilmə 11 min 967 uşağa təsir edərək ən geniş yayılmış ağır hüquq pozuntusu olaraq qalmaqdadır.

Məktəblər və xəstəxanalar da daxil olmaqla mülki hədəflərə qarşı hücumların uşaqların müdafiəsizliyini artırdığı vurğulanıb.

BMT-nin sülhməramlı əməliyyatlarının və xüsusi siyasi missiyalarının azaldılmasının uşaqların mühafizəsi üçün qlobal fondların ixtisarı ilə eyni vaxta düşdüyü qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu