"Amnesty International" "FedEx"ə qarşı şikayətə qoşulub



"Amnesty International" təşkilatı Belçika qeyri-hökumət təşkilatlarının Amerikanın "FedEx" logistika şirkətinə qarşı prokurorluğa etdiyi şikayətə qoşulduğunu bəyan edib.

AFN.az xəbər verir ki, sözügedən şikayətə səbəb şirkətin İsrailə hərbi təchizat daşınmasının qadağan olunduğu Lyej hava limanından bu avadanlıqların daşınması üçün istifadə etməsidir.

"Amnesty International"dan verilən açıqlamada qurumun Belçika mərkəzli Sülh və Demokratiya Naminə Milli Fəaliyyət Koordinasiyası (CNAPD), İnsan Haqları Liqası (LDH) və "Vredesactie" kimi QHT-lərin yer aldığı koalisiyanın "FedEx Belgium" barəsində Lyej prokurorluğuna təqdim etdiyi cinayət işi müraciətinə tərəfdaş olduğu bildirilib.

Bəyanatda "FedEx Belgium"un "F-35" qırıcılarının hissələri də daxil olmaqla hərbi avadanlıqları daşınmanın qadağan edildiyi Lyej hava limanından Tel-Əvivə çatdırdığı, xüsusi daşıma icazəsi almalı olduğu halda bunu etmədiyi vurğulanaraq bu lisenziya olmadan sözügedən silahların daşınmasının Belçika qanunlarına görə cinayət təşkil etdiyi ifadə olunub.

Şirkətin "12 Gün Müharibəsi" zamanı İsrail hava məkanının bağlanması səbəbindən bəzi uçuş marşrutlarını yenidən tənzimlədiyi və bəzi hərbi yükləri qeyri-iradi olaraq Lyejdən keçirmiş ola biləcəyinə işarə edilən açıqlamada həmin karqonun Almaniya üzərindən İsrailə çatdırıldığı qeyd olunub.

Qanunların tətbiqində uğursuzluğa diqqət çəkilən mətndə 2025-ci ilin iyun ayından bəri Lyej hava limanından şübhəli qanunsuz daşınmaların keçdiyinə dair daha çox xəbərin yayıldığı və bunun hüquqi nəzarətdə bir boşluğa işarə etdiyi bildirilib.

Həmçinin hərbi avadanlıqların beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasında istifadə edilməsi riski olduqda ölkələrin hər hansı bir münaqişə tərəfinə silah göndərməsinin qadağan olduğu xatırladılıb.

İsrailə silah tədarükünü davam etdirən dövlətlərin Cenevrə konvensiyaları çərçivəsindəki öhdəliklərini pozduğu bildirilən mətndə Tel-Əvivə qarşı hərtərəfli silah embarqosu tətbiq edilməsi çağırışı edilib.

Açıqlamada həmçinin "FedEx"in mövzu ilə bağlı təşkilata göndərdiyi cavabda qüvvədə olan qanun və qaydalara əməl etməyə sadiq olduqlarını, beynəlxalq miqyasda silah və ya sursat daşımadıqlarını və bu növ yüklərin qarşısını almaq üçün ciddi yoxlama prosedurları tətbiq etdikləri bildirilib.

"FedEx" kimi şirkətlərin hüquqdan üstün olmadığını ifadə edən təşkilatın Belçika filialının direktoru Karin Tibo "F-35"lərin İsrailin arsenalında olan ən təkmil döyüş təyyarəsi olduğunu vurğulayaraq bu təyyarələrin kütləvi ölüm və dağıntılara səbəb olmaqla fələstinli ailələrin bütöv nəsillərini yox etdiyini və Qəzza zolağının böyük hissəsini xarabalığa çevirdiyini qeyd edib.

Belçika və Valloniya hökumətlərinin silah daşınmalarının tranzitini effektiv şəkildə yoxlayacaq mexanizmlər qurmaması ilə bağlı narahatlığını bölüşən Tibo təqdim etdikləri şikayətlə Belçika üzərindən İsrailə edilən silah tədarükünün qarşısının alınmasını və məsuliyyət daşıyanların cavab verməsini hədəflədiklərini bildirib.

Oxşar şikayətin daha əvvəl Fransada da edildiyi, Sülh Naminə Yəhudi Fransız Birliyinin (UJFP) 21 apreldə ABŞ-ın göndərdiyi döyüş təyyarəsi avadanlıqlarını Fransa üzərindən İsrailə daşıyan "FedEx France" barəsində Fransa Milli Antiterror Prokurorluğuna müraciət etdiyi xatırladılıb.

Qeyd edək ki, Belçikadakı Valloniya hökuməti 28 may 2024-cü ildə hava limanları vasitəsilə İsrailə silah ötürülməsini qadağan etmək barədə qərar qəbul etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu