Hamburq Hava Limanında uçuşlar yenidən bərpa olunub
Almaniyanın Hamburq Hava Limanında təhlükəsizlik mülahizələri səbəbindən müvəqqəti olaraq dayandırılan uçuşların yenidən başladığı bildirilib.
AFN.az xəbər verir ki, polis tərəfindən verilən açıqlamada hava limanında əməliyyat tələb edən xüsusi bir vəziyyətin yarandığı, bu səbəbdən təhlükəsizlik-buraxılış məntəqəsinin arxasında yerləşən bütün zonanın tamamilə təxliyə edildiyi qeyd olunub.
Təxliyə tədbirləri çərçivəsində yoxlanışdan keçmiş sərnişinlər yenidən terminal binasına çıxarılıb, göyərtəsində sərnişin olan bəzi təyyarələrin isə boşaldılması təmin edilib.
Hava limanı rəhbərliyi təhlükəsizlik tədbirləri ilə əlaqədar bütün uçuşların müvəqqəti olaraq təxirə salındığını, lakin eniş edən təyyarələrin qəbulunun davam etdiyini bəyan edərək, vəziyyətlə bağlı sərnişinlərə aviaşirkətlərlə əlaqə saxlamağı tövsiyə edib.
Hamburq Hava Limanının rəsmi internet səhifəsində yayılan son məlumatda isə Federal Polisin gördüyü təhlükəsizlik tədbirlərindən sonra sərnişin terminalında fəaliyyətin bərpa olunduğu diqqətə çatdırılıb.
Reyslərin yenidən başladığını elan edən rəhbərlik uçuş cədvəlində qismən gecikmələr və ya ləğvlər ola biləcəyi barədə xəbərdarlıq edib.
Hannover Federal Polis İdarəsi yerli vaxtla saat 09:21-də bir nəfərin hava limanının qapalı təhlükəsizlik zonasına icazəsiz daxil olduğunu, həmin şəxsin müəyyən edilərək dərhal saxlanıldığını açıqlayıb.
Aviasiya təhlükəsizliyinin riskə atıla biləcəyi ehtimalı fərziyyəsi ilə polisin genişmiqyaslı yoxlamalara başladığı, insident baş verən ərazidəki araşdırmalar tamamlandıqdan sonra təhlükəsizlik-buraxılış məntəqəsinin saat 11:30-dan etibarən yenidən xidmət göstərməyə başladığı qeyd olunub.
Alman mətbuatında yer alan iddialara görə, hadisəyə bir nəfərin səhvən qəza-həyəcan düyməsini basaraq qapalı zonaya keçməsi səbəb olub.


