Qayınatasını öldürməkdə şübhəli bilinən azərbaycanlı qadın Türkiyədə saxlanıldı


Türkiyədə azərbaycanlı qadının qayınatasını döyərək ölümünə səbəb olduğu iddia edilir. Hadisə Tokat vilayətinin Artova rayonuna bağlı Ağmusa kəndində qeydə alınıb.

Yerli mətbuatın yaydığı məlumata görə, 52 yaşlı Azərbaycan vətəndaşı K.V. ilə onun 88 yaşlı qayınatası Mustafa Cici arasında hələlik məlum olmayan səbəbdən mübahisə düşüb. Sözlü qarşıdurma qısa müddətdə fiziki zorakılığa çevrilib və gəlin yaşlı kişini xəsarət yetirərək yerə yıxıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım xidməti ağır xəsarətlər alan M.Cicini dərhal xəstəxanaya çatdırsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, şübhəli bilinən azərbaycanlı gəlin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu