Messi het-trik edərək qol rekordunu təkrarladı



Son çempion Argentina Dünya Çempionatındakı titulunu qorumaq mübarizəsinə Əlcəzair üzərində qazandığı qələbə ilə başladı.

AFN.az xəbər verir ki, ölkəsinin formasını 200-cü dəfə geyinən Lionel Messi het-trik edərək Dünya Çempionatı tarixinin ən məhsuldar oyunçusu ünvanına şərik olub.

Səkkiz dəfə "Qızıl top" qazanan Messi Dünya Çempionatının finallarındakı ümumi qol sayını 16-ya çatdıraraq Almaniyanın əfsanəvi futbolçusu Miroslav Klozeni yaxalayıb.

Dünya Çempionatını üst-üstə üçüncü dəfə qazanan ölkə olmağı hədəfləyən Argentina "Kansas City" stadionundakı qarşılaşmada qələbəyə çatmaq üçün böyük güc sərf edib.

Bu nəticə ilə Argentina son çempion ünvanı ilə çıxdığı açılış matçlarında 1982 və 1990-cı illərdə aldığı məğlubiyyətlərdən sonra ilk dəfə meydandan qələbə ilə ayrılıb.

Qarşılaşmanın 17-ci dəqiqəsində səhnəyə çıxan Messi qəşəng bir vuruşla komandasını önə keçirib.

Karyerasında 27-ci Dünya Çempionatı oyununa çıxan 38 yaşlı futbolçu "Inter Miami"dən komanda yoldaşı Rodriqo De Pauldan aldığı ötürməni Fransanın əfsanəvi ismi Zinəddin Zidanın oğlu, qapıçı Luka Zidanın uzana bilməyəcəyi küncə göndərib.

Nəfəs kəsən ilk hissədə bu qoldan 12 dəqiqə əvvəl Argentinanın, 3 dəqiqə sonra isə Əlcəzairin bir qolu ləğv edilib.

Turnirdə 6-cı dəfə çıxış edən ilk futbolçu ünvanını alan Messi ilk yarının ortalarında əlcəzairli Aissa Mandiyə qarşı etdiyi sərt müdaxilədə vərəqə görməyərək şanslı bir an yaşayıb.

Argentina müsabiqənin 60-cı dəqiqəsində fərqi ikiyə çıxarıb. Qapıçı Zidanın səhvini dəyərləndirən Messi yaxın məsafədən topu tora göndərib.

Təcrübəli oyunçu 76-cı dəqiqədə Nikolas Qonzalesdən aldığı ötürmə ilə cərimə meydançasının kənarından sərt zərbə vuraraq Dünya Çempionatı karyerasında ilk het-trikə imza atıb və matçın hesabını müəyyənləşdirib.

J qrupuna qələbə ilə başlayan Argentina turnirdəki növbəti oyunlarında Avstriya və İordaniya ilə qarşı-qarşıya gələcək.

Qətərdəki 2022 Dünya Çempionatı zəfərindən sonra milli komandanı tərk edib-etməyəcəyi müzakirə edilən Messi nümayiş etdirdiyi performansla bu suallara cavab verib.

39 yaşının tamam olmasına bir həftə qalmış meydanda köhnə günlərini xatırladan bir oyun ortaya qoyan argentinalı ulduz Dünya Çempionatı tarixində het-trik edən ən yaşlı oyunçu ünvanını da əzəli rəqibi Kriştianu Ronaldodan təhvil alıb.

Miroslav Klozenin rekorduna şərik olan Messinin Argentinanın bazar ertəsi günü Avstriya ilə oynayacağı növbəti matçda bu rekordun tək sahibi olması gözlənilir.

Argentina 22 iyunda "Dallas" stadionunda Avstriya ilə qarşılaşacaq. Qrupun digər görüşündə isə Əlcəzair ilə İordaniya üz-üzə gələcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu