Fidandan NATO Sammiti açıqlaması: Türkiyə olmasa, Tramp gəlməyəcəkdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya etdiyi rəsmi səfər çərçivəsində türk mətbuatına mühüm bəyanatlar verib, regional prosesləri və 7-8 iyul tarixlərində Ankarada keçirilməsi planlaşdırılan NATO Sammitinə hazırlıq məsələlərini dəyərləndirib.
AFN.az xəbər verir ki, nazir Fidan bir çox Avropa ölkəsinin rəsmilərinə istinadən toplantının Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə baş tutmasının ABŞ Prezidenti Donald Trampın bu sammitdə iştirakını təmin edən ən mühüm amil olduğunu vurğulayıb.
O, ABŞ və Avropa dövlətləri arasındakı baxış fərqliliyinin və bir çox kritik mövzuların müzakirə ediləcəyi bu sammitə ABŞ dövlət başçısının qatılmasının vacibliyinə diqqət çəkərək, "Prezidentimiz olmasa, Türkiyə olmasa, Tramp gəlməyəcəkdi" ifadəsini işlədib.
Rusiya ilə əlaqələrə toxunan Fidan, Moskva təmaslarının iki ölkə arasında dərin mövzularda işbirliyi və qarşılıqlı etimad mühitinin qorunduğunu göstərdiyini, hər iki liderin yaradıcı mövqedə olduğunu bildirib.
Rusiya-Ukrayna müharibəsi barədə danışan nazir, rəsmi Moskvanın Donetsk məsələsi həll olunmadan danışıqlara isti baxmadığını müşahidə etdiyini diqqətə çatdırıb.
Cənubi Qafqazda regional əməkdaşlığı gücləndirmək üçün "3+3" mexanizminin əhəmiyyətini vurğulayan Fidan, rəqabət və dominantlıq axtarışları yerinə Orta Dəhliz layihəsi kimi iqtisadi bağlantıların gücləndirilməsinin bölgə xalqlarının xeyrinə olacağını, həmçinin Ermənistan ilə normallaşma prosesinin şərtlər tam formalaşdıqda reallaşmağa hazır olduğunu bəyan edib.
ABŞ və İran arasında əldə olunmuş son müvəqqəti sazişi şərh edən nazir, nüvə məsələsində zənginləşdirilmiş uran ehtiyatlarının və növbəti moratoriumun necə idarə olunacağı ilə bağlı texniki qrupların hələ incə detallar üzərində işləməli olduğunu söyləyib.
O, İsrailin Livana hücumunun və tərəflər arasındakı güvənsizliyin diplomatik prosesi ləngitdiyini, lakin Türkiyənin iki tərəfi birbaşa dialoqa təşviq etdiyini əlavə edib.
İsrailin regional siyasətinin artıq bütün qlobal təhlükəsizlik üçün ciddi problemə çevrildiyini qeyd edən Fidan, İran ilə yaşanan gərginliyin Qəzza böhranını arxa plana keçirdiyini, hazırda Milli Kəşfiyyat Təşkilatının (MİT) da daxil olduğu bir proseslə Qəzzada atəşkəsin ikinci mərhələsinə keçilməsi üçün çərçivə mətni üzərində fəal iş aparıldığını vurğulayıb.


