Kolumbiyada seçkilərdə Trampın dəstəklədiyi namizəd qalib gəlib



Kolumbiyada keçirilən prezident seçkilərində ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi sağçı namizəd Abelardo de la Espriellanın qələbə qazandığı elan edilib.

AFN.az xəbər verir ki, Kolumbiya Milli Mülki Qeydiyyat İdarəsinin rəsmi olmayan nəticələrinə əsasən, seçki qutularının 99,91 faizi açılıb.

Prezident seçkilərinin ikinci turunda "Vətən Müdafiəçiləri Hərəkatı"nın namizədi, sağçı siyasətçi Espriella 49,65 faiz, hakim partiya olan "Tarixi Pakt İttifaqı"nın solçu namizədi İvan Sepeda isə 48,70 faiz səs toplayıb.

Rəsmi olmayan göstəricilərə görə, iki namizəd arasındakı fərq 0,30 faiz səviyyəsində olub ki, bu da 246 min 355 səs fərqi deməkdir.

ABŞ Prezidenti Donald Trampın tam və şərtsiz dəstəyini alan Espriella qurumun açıqladığı rəqəmlərə əsasən seçkinin qalibi olub.

Seçki nəticələrini Kolumbiyanın Karib dənizi sahilində yerləşən Barrankilya şəhərində izləyən Abelardo de la Espriella sosial media hesabından etdiyi paylaşımla seçkilərdən zəfərlə çıxdıqlarını bəyan edib.

Espriella silahların kölgəsindəki təzyiqlərə, səs satın alma cəhdlərinə, ənənəvi partiyalara, korrupsiyaya və partizanlara qarşı qalib gəldiklərini vurğulayaraq, qələbə qazanan tərəfin Kolumbiya olduğunu bildirib.

ABŞ Prezidenti Donald Tramp da sosial media hesabında bəyanat yayaraq Espriellanın bu uğurunu şərh edib.

Tramp seçki nəticələri ilə bağlı özünün də sağçı namizədə dəstək verdiyini əks etdirən bir xəbəri paylaşaraq, onun möhtəşəm bir qələbə qazandığını qeyd edib.

Hazırkı Prezident Qustavo Petro isə açıqlamasında səslərin hesablanması prosesində bəzi qanunsuzluqların qeydə alındığını vurğulayaraq heç bir namizədin özünü prezident elan edə bilməyəcəyini diqqətə çatdırıb.

Kimin prezident olduğunu yalnız rəsmi hüquqi hesabılama prosesinin müəyyən edəcəyini və hakimlərin qərarlarına tabe olacağını deyən Petro vətəndaşları təmkinli olmağa çağırıb.

Mövcud reallığın ölkəni tam ortadan iki yerə bölünmüş şəkildə göstərdiyini və müstəqilliyi hədəf alan xarici müdaxilələrin olduğunu deyən Petro, yaxın illərdə vətəni və sülhü qorumaq üçün milli barışığın qaçılmaz olduğunu ifadə edib.

Seçkilərdə səsvermə fəallığının 61,5 faiz olduğu barədə məlumat paylaşılıb. Ölkənin siyasi və iqtisadi gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edən bu səsvermə son illərin ən gərgin mübarizələrindən biri hesab olunur.

Seçkilərin rəsmi qalibi avqustun 7-də vəzifəni Prezident Qustavo Petrodan təhvil alacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu