Kolumbiya Prezidenti seçkilərin ilkin nəticələrini tanımaqdan imtina edib


Kolumbiya Prezidenti Qustavo Petro dövlət başçısı seçkilərində səslərin ilkin hesablanmasının nəticələrini tanımadığını və seçki komissiyaları tərəfindən protokolların rəsmi emalının başa çatmasını gözləyəcəyini bəyan edib.

AFN.az xəbər verir ki, bu barədə dövlət başçısı "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Qustavo Petro qeyd edib: "Prezident kimi mən Bautista qardaşlarının özəl şirkəti tərəfindən aparılan ilkin səsvermənin nəticələrini tanımıram. Çünki səslərin hesablanması və yoxlanılması üçün proqram təminatının alqoritmlərinin dəyişməz qalması tələbinə baxmayaraq, son bir həftə ərzində onlara üç dəfə dəyişiklik edilib və bura rəsmi seçici siyahısında olmayan 800 min insanın identifikasiya nömrəsi əlavə olunub".

Petronun sözlərinə görə, bu hesablama hüquqi qüvvəyə malik deyil: "Ona görə də, qanuna uyğun olaraq, prezident kimi qəbul edəcəyim və tanıyacağım yeganə hüquqi nəticələr hakimlərin rəhbərlik etdiyi rəsmi hesablama komissiyalarının elan edəcəyi yekun sənədlər olacaq".

Qeyd edək ki, mayın 31-də Kolumbiyada prezident seçkiləri keçirilib. Vətəndaşlıq Vəziyyəti Aktlarının Milli Reyestrinin rəsmi saytında dərc olunan ilkin məlumatlara əsasən, ifrat sağçı siyasətçi və iş adamı Abelardo de la Esprielya 43,74 faiz səslə liderlik edir. Hakim solçu "Tarixi Pakt" partiyasının namizədi İvan Sepeda isə 40,90 faiz səs toplayıb. Bu nəticələrə görə, hər iki namizəd iyunun 21-də keçiriləcək seçkilərin ikinci turuna vəsiqə qazanır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu