Livan Prezidenti ABŞ və Qətər rəsmiləri ilə atəşkəsin daimi xarakter almasını müzakirə edib
Livan Prezidenti Cozef Avn ABŞ və Qətər rəsmiləri ilə ölkədə atəşkəsin daimi xarakter alması, İsrailin hücumlarının dayandırılması və bu məqsədlə xüsusi mexanizmin yaradılması məsələlərini nəzərdən keçirib.
AFN.az xəbər verir ki, Livan Prezidentliyindən verilən açıqlamaya görə, Avn ABŞ Vitse-prezidenti Cey Di Vens, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə telefon danışıqları aparıb.
Görüşlərdə Livanda atəşkəsin qalıcı olmasının təmin edilməsi, İsrailin hücumlarına son qoyulması və bu çərçivədə atılması zəruri olan addımlar ətrafında fikir mübadiləsi aparıldığı qeyd olunub.
Tərəflərin, həmçinin bu hədəfə nail olmaq məqsədilə birgə mexanizmin formalaşdırılması imkanlarını da qiymətləndirdiyi bildirilib.

