Uimbldon çempionu Vondrouşova dörd il müddətinə diskvalifikasiya edilib



2023-cü il Uimbldon turnirinin çempionu və dünyanın keçmiş altıncı raketkası Marketa Vondrouşova dopinq-testdən imtina etdiyi üçün dörd illik diskvalifikasiya cəzası alıb.

AFN.az xəbər verir ki, bu barədə iyunun 22-də Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) öz rəsmi saytında məlumat yayıb.

Agentliyin məlumatına görə, 2025-ci ilin dekabrında dopinq-nəzarət müfəttişi tennisçinin yaşadığı ünvanda ondan yarışdankənar analiz götürməyə çalışsa da, Vondrouşova bu prosedurdan boyun qaçırıb.

Müstəqil tribunal işə baxaraq belə qənaətə gəlib ki, idmançının təqdim etdiyi izahatlar testdən imtina etmək üçün kifayət qədər əsas yaratmır.

Belə ki, dinləmələr zamanı Vondrouşova stress, psixi sağlamlıq problemləri və şəxsi təhlükəsizliyi ilə bağlı narahatlıqları əsas gətirib.

ITIA-nın baş direktoru Karen Murhaus bildirib ki, onlar test prosesinin narahatlıq yaratdığını və onsuz da yüksək təzyiq və diqqət mərkəzində işləyən oyunçular üçün əlavə yük olduğunu başa düşürlər, lakin bu, ədalətli rəqabəti qorumaq üçün mütləqdir.

Təşkilatdan vurğulanıb ki, antidopinq qaydalarına əsasən, analiz verməkdən imtina etmək müsbət dopinq-test nəticəsi qədər ciddi qəbul olunur.

Murhausun sözlərinə görə, planlaşdırılmamış yoxlamalar idmanın təmizliyini qorumaq üçün əsas vasitələrdən biri olaraq qalır və idmançılar istənilən vaxt, istənilən yerdə yoxlanışa hazır olmalıdırlar.

Vondrouşovanın diskvalifikasiya müddəti 2030-cu il iyunun 21-də başa çatacaq.

Cəza qüvvədə olduğu müddətdə ona Beynəlxalq Tennis Federasiyası (ITF), Qadın Tennis Assosiasiyası (WTA), Professional Tennisçilər Assosiasiyası (ATP), Böyük Dəbilqə turnirlərinin təşkilatçıları və milli tennis assosiasiyaları tərəfindən keçirilən və ya sanksiyalaşdırılan turnirlərdə çıxış etmək, məşqçilik etmək və ya bu tədbirlərdə iştirak etmək qadağandır.

Qeyd edək ki, Vondrouşova aprel ayında dopinq-testlə bağlı insidentin 2025-ci il dekabrın 3-də baş verdiyini bildirmişdi.

Onun sözlərinə görə, Almaniya Antidopinq Agentliyinin əməkdaşı gecə vaxtı onun evinə gələrək ITF-in dopinq-nəzarət həyata keçirdiyini deyib, lakin tennisçi tanımadığı bir kişini içəri buraxmaq istəməyib.

Vondrouşova həmçinin müfəttişin ondan şəxsiyyət vəsiqəsi tələb etmədiyini və öz vəsiqəsini də göstərmədiyini, buna görə də öz təhlükəsizliyindən narahat olduğunu vurğulamışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu