Çin Sakit okeandakı təlimlər zamanı Yaponiyanın təxribat törətdiyini bəyan edib
Çin hərbçiləri Sakit okeanda aviadaşıyıcı zərbə qrupunun təlimləri zamanı Yaponiya hərbi gəmiləri və təyyarələrinin bir neçə təxribat xarakterli cəhdinin qarşısını alıblar.
AFN.az xəbər verir ki, bu barədə iyunun 22-də Çin rəsmilərinə istinadən "South China Morning Post" (SCMP) qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, təlimlər zamanı Yaponiya gəmiləri və təyyarələri dəfələrlə yaxın məsafədən Çin tərəfini izləyib, müşahidə aparıb, maneə törədib və təxribata əl atıb.
"Lyaonin" aviadaşıyıcı zərbə qrupu isə bütün bu müddət ərzində yüksək döyüş hazırlığını qoruyub saxlayıb, göyərtə aviasiyasının döyüş uçuşlarını fasiləsiz təşkil edib, döyüş düzülüşünü çevik şəkildə dəyişib, həmçinin Yaponiya tərəfinin təhlükəli hərəkətlərinə peşəkar və təmkinli şəkildə reaksiya verib.
SCMP qəzeti həmçinin yaxın məsafədən baş tutan ən azı dörd yaxınlaşma epizodunun əks olunduğu videoçarx da nümayiş etdirib.
Bu hadisələrdən əvvəl Çin donanması Cənubi Çin dənizində və Sakit okeanın qərb hissəsində 40 günlük təlimlər keçib və bu müddət ərzində, yəni aviadaşıyıcı qrupun may ayında fəaliyyətə başlamasından bəri Yaponiya mütəmadi olaraq Çin tərəfinin hərəkətləri barədə məlumatlar dərc edib.




