Rusiyanın daha iki regionunda yanacaq satışına məhdudiyyət qoyulub



Rusiyanın Kursk və Bryansk vilayətlərində artan tələbat və təchizat problemləri səbəbindən yanacaq satışına məhdudiyyət tətbiq edilib.

AFN.az xəbər verir ki, Kursk qubernatoru Aleksandr Xinşteyn sosial media hesabından etdiyi açıqlamada regionda yanacağa olan tələbatın əhəmiyyətli dərəcədə artdığını qeyd edib.

Regional əməliyyat mərkəzinin qərarına uyğun olaraq, yanacaqdoldurma məntəqələrində yalnız nəqliyyat vasitələrinin çənlərinə doldurulma aparılacağını bildirən Xinşteyn regionda yanacaq ehtiyatlarının kifayət qədər olduğunu vurğulayıb.

Xinşteyn qiymət artımına daha ciddi nəzarət edilməsi üçün prokurorluğun araşdırmalara başladığını ifadə edib.

Bryansk qubernatorunun müavini Yeqor Kovalçuk da etdiyi yazılı açıqlamada bəzi yanacaqdoldurma məntəqələri şəbəkələrində benzin qiymətlərinin müəyyən dərəcədə yüksəldiyini və yerli məntəqələrlə bağlı vətəndaşlardan şikayətlər daxil olduğunu bildirib.

Süni qıtlığın yaranmasının qarşısını almaq məqsədilə avtomobil çənlərindən kənar digər qablara yanacaq satışının qadağan edildiyini bəyan edən Kovalçuk pilotsuz uçuş aparatlarının hücum təhlükəsi səbəbindən sərhəd bölgələrinə yanacaq daşınmasında bəzi çətinliklərin yaşandığını qeyd edib.

Kovalçuk tədarükçülərlə birbaşa təmasda olduqlarını və bölgədəki vəziyyətin nəzarət altında saxlanıldığını vurğulayıb.

Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyadakı neft emalı zavodlarına təşkil etdiyi hücumlar səbəbindən ölkədə bir çox zavod təmirə dayanıb.

Rusiya hökuməti yanacaq bazarında sabitliyi təmin etmək məqsədilə zaman-zaman ixrac məhdudiyyətlərinə əl atır.

Son dövrlərdə Moskva da daxil olmaqla ölkənin müxtəlif regionlarında yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak isə dizel yanacağının ixracını qadağan etməyi nəzərdən keçirdiklərini bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu