"Çikaqo Fayr" Levandovskinin transferini rəsmən açıqladı
ABŞ-ın MLS təmsilçisi "Çikaqo Fayr" polşalı hücumçu Robert Levandovski ilə müqavilə imzaladığını elan edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sərbəst agent statusu daşıyan 37 yaşlı forvardla 2027/28 mövsümünün sonuna qədər (2028-ci ilə qədər) müqavilə bağlanıb. O, komandada "Məxsusi oyunçu" (Designated Player) statusuna sahib olacaq.
Qeyd edək ki, təcrübəli hücumçu 2022-ci ildən bəri çıxış etdiyi "Barselona" ilə yanaşı, karyerası ərzində "Borussiya Dortmund" və "Bavariya" kimi nəhənglərin də formasını geyinib. Polşa millisinin tarixində ən çox qol vuran (165 oyunda 89 qol) futbolçu olan Levandovski, klub və yığma karyerasında ümumilikdə 700-dən çox qola imza atıb. "Çikaqo Fayr" hazırda MLS-in Şərq konfransında 3-cü pillədə qərarlaşıb.



