Belçikanın "Euroclear" maliyyə təşkilatı Rusiya Mərkəzi Bankını məhkəməyə verib
Rusiyanın Avropa İttifaqındakı (Aİ) dondurulmuş aktivlərinin böyük hissəsinin saxlanıldığı Belçika mənşəli maliyyə təşkilatı "Euroclear" Brüssel Ticarət Məhkəməsində Rusiya Mərkəzi Bankına qarşı iddia qaldırıb.
AFN.az xəbər verir ki, Belçikanın "L'Echo" qəzetinin yaydığı məlumata görə, Brüsseldə yerləşən "Euroclear" Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması ilə əlaqədar olaraq 220 milyard avro ödəniş əmri verən Rusiya məhkəməsinin qərarını əngəlləmək üçün hüquqi proses başladıb.
Rusiya Mərkəzi Bankına qarşı Brüssel Ticarət Məhkəməsində qaldırılan iddia üzrə ilk məhkəmə iclası artıq baş tutub.
Rusiya ilə Ukrayna arasında müharibənin başlamasından sonra Aİ və G7 ölkələri Rusiyanın valyuta ehtiyatlarının təxminən yarısını dondurmuşdu.
Aİ-də olan Rusiya aktivlərinin mühüm hissəsi Belçika mənşəli "Euroclear" hesablarında saxlanılır.
"Euroclear"da Rusiyaya məxsus 200 milyard avrodan çox vəsait mövcuddur.
Moskva Arbitraj Məhkəməsi mayın 15-də Rusiya Mərkəzi Bankının "Euroclear"a qarşı qaldırdığı iddianı təmin etmiş, "Euroclear"dan təxminən 220 milyard avro müsadirə olunması barədə qərar çıxarmışdı.
"Euroclear" isə Moskvanın müvafiq məhkəməsinin bu məsələdə yurisdiksiya səlahiyyətinə malik olmadığını müdafiə edir.
Şirkət mərkəzi ofisinin Brüsseldə yerləşməsi səbəbindən işə yalnız Belçika məhkəmələrinin baxmaq hüququnun olduğunu irəli sürür.


