Hörmətli AQTA, ənənəsiz, keçmişə söykənməyən gələcək olmur - Natiq Cəfərlidən ETİRAZ
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanda heyvan bazarları ilə bağlı açıqlama verib. O bildirib ki, Heyvan bazarları fiziki yox, birja formasında təşkil ediləcək. Agentlik sədrinin sözlərinə görə, heyvan bazarları ilə bağlı aparılan yoxlamalar 28 bazarın mövcud standartlara cavab vermədiyini üzə çıxarıb.
"Bu bazarlarda baytarlıq-sanitariya norma və qaydalarına əməl olunmurdu. Buna görə də bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti dayandırıldı. Standartlara uyğunlaşdırıldıqdan sonra 14 heyvan bazarının fəaliyyətinə yenidən icazə verildi. Gələcəkdə identifikasiya prosesi və ikinci Dövlət Proqramı tam başa çatdıqdan sonra fiziki heyvan bazarlarından heyvan satış birjalarına keçid təmin olunacaq. Məqsədimiz odur ki, heyvanların A məntəqəsindən B məntəqəsinə daşınaraq bazarlarda sərgilənməsi və satışa çıxarılması əvəzinə, müasir heyvan satış birjaları (online satış) tətbiq edilsin” - deyə Q.Təhməzli bildirib.
AFN.az xəbər verir ki, onun bu açıqlamasına iqtisadçı ekspert Natiq Cəfərli reaksiya verib. "Hörmətli AQTA, bütün dünya ölkələrində inkişaf trakteoriyası ənənələrə söykənir. İstənilən halda ənənələr vacib amildir. Azərbaycanda da min illik bazar ənənələri var. Həmin ənənələr bu gün də yaşayır. Hər kəs bəslədiyi heyvanı “mal bazarı”na çıxarıb satır, geri dönəndə isə zəruri ehtiyaclarını alır. Nəticədə insanlar təkcə heyvanını satmır, həm də zəruri ehtiyaclarını tədarük edib geri dönür və əlavə xərclərdən qurtulur. Yəni insanlar bazara təkcə satmaq üçün yox, həm də almaq üçün çıxırlar" - deyə N.Cəfərli qeyd edib.
Onun sözlərinə görə, indi bu ənənələri məhv edib “mal bazarı”nı digital formada təşkil etmək istəyirlər: "Onlayn birja kimə lazımdır? Bir dənə quzu satmaq istəyən sadə insan hansı formada o birjada iştirak edə biləcək? Və bir quzunu satmaq üçün nə qədər gözləməli olacaq, çatdırılma neçə təşkil olunacaq?
İnsanda belə bir təsəvvür yaranır ki, AQTA-nın son zamanlar atdığı bütün addımlar proseslərin çətinləşdirilməsini və qiymətlərin bahalaşdırılmasını hədəfləyib. Elə bil kompyuter oyunları həvəskarları olan gəncləri bir yerə yığıblar, onilar da həyatı kompyuter oyunu sanır, hər şeyi online həll etməyin mümkünlüyünü düşünür, mal-heyvan saxlayanların əziyyətini anlamırlar, ənənələrə hörmət etmirlər. Bəlkə də, məsələn, camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər, kompyuter arxasında oturub “müasirləşirlər”, anlamırlar ki, ənənəsiz, keçmişə söykənməyən gələcək olmur".

