Qrenlandiyanın cənub sahillərinə tərəf nəhəng aysberq hərəkət edir
Qrenlandiyanın cənub sahillərinə doğru hərəkət edən təxminən 6 kilometr uzunluğunda və 4 kilometr enində nəhəng aysberqin irəliləməyə davam etdiyi bildirilib.
AFN.az xəbər verir ki, Danimarka Meteorologiya İnstitutunun (DMI) rəsmi internet səhifəsində yayımlanan açıqlamada Nioghalvfjerds buzulağından qoparaq 1200 kilometr məsafə qət edən, 5,7 kilometr uzunluğa və 4 kilometr enə malik stolşəkilli nəhəng aysberqin Qrenlandiyanın cənubuna doğru irəlilədiyi qeyd olunub.
Açıqlamada fikirlərinə yer verilən DMI-nin buz xəritəçəkmə mütəxəssisi Hans Henrik Layt aysberqin uzun müddət dəniz buzu ilə birlikdə hərəkət etdiyini xüsusi vurğulayaraq onun artıq dəniz buzundan tamamilə ayrıldığını və xarici təsirlərə dözümsüzləşərək səyahətində yeni mərhələyə keçdiyini bildirib.
Nəhəng kütlənin yaxın günlərdə parçalanaraq daha kiçik aysberqlərə bölünəcəyini deyən Layt 3-6 kilometr ölçüsündəki aysberqin iki və ya üç ildən bir görüldüyünü diqqətə çatdırıb.

