İranın bir çox bölgəsində partlayışlar baş verib
ABŞ-nin hücuma başladığını bəyan etməsindən sonra İranın müxtəlif əyalətlərində çoxlu sayıda partlayış səsləri eşidilib.
AFN.az xəbər verir ki, İran mətbuatının verdiyi məlumata görə, ABŞ-nin bəyanatından sonra ölkə daxilində bir çox şəhər və liman hədəf alınıb.
Xəbərlərdə Təbriz şəhərinin cənubunda yerləşən hərbi zonanın yaxınlığında, Xuzistan əyalətinin Mahşəhr və Behbəhan şəhərlərində partlayışların baş verdiyi bildirilib.
İran Dövlət Televiziyası ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Çabahar şəhərində 4 partlayış səsinin eşidildiyini və ərazidə ABŞ qırıcılarının uçuş həyata keçirdiyini elan edib.
Eyni əyalətdə yerləşən Konarak şəhərində də partlayış səsinin eşidildiyi vurğulanıb.
Hörmüzgan əyalətindəki Sirik şəhəri, Buşehr şəhəri yaxınlığındakı iki ərazi və ölkənin qərbində yerləşən Kirmanşah əyalətinin Kəngavər şəhəri də ABŞ-nin raket və hava zərbələrinin hədəfi olub.
Digər tərəfdən, İran mətbuatının məlumatına görə, ABŞ-nin əməliyyatlara başladığını açıqlamasından sonra paytaxt Tehrana da hücum təşkil edilib.
"Fars" xəbər agentliyi hücum iddiaları fonunda Tehranın şərqində hava hücumundan müdafiə sistemlərinin işə düşərək atəş açdığını diqqətə çatdırıb.
