Çindən Azərbaycana daha tez çatır, nəinki "Limak"dan bizə - ŞİKAYƏT
Azərbaycanda onlayn alış-veriş edən minlərlə vətəndaşın ən çox narazılıq etdiyi məsələlərdən biri sifarişlərinin günlərlə, bəzən isə həftələrlə çatdırılmamasıdır. Xüsusilə "Temu" kimi beynəlxalq platformalardan verilən sifarişlərin çatdırılmasında "Limak" karqo şirkəti ilə bağlı eyni mənzərə təkrarlanır: sistemdə bağlama "kuryerdədir" statusu alır, lakin məhsul nə həmin gün, nə də növbəti gün ünvana çatdırılır. Müştərilər şirkətlə əlaqə saxlamağa çalışdıqda isə əksər hallarda ya avtomatik cavablarla qarşılaşdıqlarını, ya da ümumiyyətlə cavab ala bilmədiklərini bildirirlər. İstifadəçilər deyirlər ki, sifarişləri Çindən Azərbaycana daha tez çatır, nəinki "Limak"dan onlara.
AFN.az-ın apardığı araşdırma göstərir ki, bu narazılıqlar ayrı-ayrı istifadəçilərin fərdi iddiaları ilə məhdudlaşmır. "Bildir.az" platformasında yerləşdirilən yüzlərlə rəy və qiymətləndirmə də "Limak"ın xidmətləri ilə bağlı oxşar problemlərin sistemli xarakter daşıdığı təəssüratını yaradır.
Portalda "Limak" (LİMAK AZ MMC) barədə yerləşdirilən qiymətləndirmələr şirkətin müştəri məmnuniyyəti ilə bağlı mənzərəni ortaya qoyur. Portalın məlumatına görə, şirkətin ümumi reytinqi 5 mümkün baldan cəmi 1,9 baldır. Rəy bildirən istifadəçilərin 59,8 faizi xidməti 1 ulduzla qiymətləndirib. 5 ulduz verənlərin payı isə cəmi 8,2 faiz təşkil edir.
Portalda yer alan digər göstəricilər də diqqət çəkir:
* Müştəri loyallığı (NPS): -61%
* Şikayətlərə cavabvermə: 2%
* Həll edilmiş şikayətlər: 0%
Bu göstəricilər platformada yerləşdirilən müraciətlərin böyük əksəriyyətinin cavabsız qaldığını göstərir.
AFN.az-ın "Bildir.az" portalında yerləşdirilmiş onlarla rəyi təhlil etməsi göstərir ki, istifadəçilərin narazılığı əsasən eyni problemlər ətrafında cəmləşir.
Ən çox rast gəlinən problem bağlamaların uzun müddət "kuryerdədir" statusunda qalmasıdır. İstifadəçilər yazırlar ki, sistemdə sifariş kuryerə təhvil verilsə də, məhsul günlərlə ünvana çatdırılmır.
Digər şikayətlər isə bağlamanın çatdırılmadan "təhvil verildi" kimi qeyd olunması, qaynar xəttə və dəstək xidmətinə zənglərin cavabsız qalması, eyni məzmunlu avtomatik cavabların göndərilməsi, bağlamaların itməsi və texniki problemlərlə bağlıdır.
Qeyd edək ki, məqalədə yer alan məlumatlar "Bildir.az" portalında dərc edilmiş istifadəçi rəylərinə və platformanın statistik göstəricilərinə əsaslanır. AFN.az məsələ ilə bağlı "Limak"ın mövqeyini dərc etməyə hazırdır. Lakin şirkətin rəsmi saytında yetərincə əlaqə vasitələrinin olmaması, olanlara isə "rəqəmsal köməkçi"nin cavab verməsi bu imkanı məhdudlaşdırır.


