O qoyundan bizdə niyə yoxdur? - Gürcüstan Azərbaycana diri qoyun ixracını 2.5 dəfə artırıb



İqtisadçı Natiq Cəfərli Gürcüstanın heyvandarlıq sahəsində əldə etdiyi nəticələri Azərbaycanla müqayisə edərək diqqətçəkən statistika açıqlayıb.

AFN.az xəbər verir ki, o, Gürcüstanın bu ilin ilk altı ayında xarici ölkələrə 11,7 milyon ABŞ dolları dəyərində diri qoyun ixrac etdiyini deyib. N.Cəfərlinin sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Cəfərli qeyd edib ki, Gürcüstanın Azərbaycana diri qoyun ixracı da əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu ilin ilk yarısında qonşu ölkə Azərbaycana ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çox diri qoyun satıb.

İqtisadçı diqqəti daha sonra sərhədin hər iki tərəfində yaşayan azərbaycanlıların fərqli nəticələrinə yönəldib. O bildirib ki, qapalı sərhədin Gürcüstan tərəfində yaşayan soydaşlarımız son illərdə qoyun sayını 1,5 dəfə, ixracı isə 3 dəfə artırmağa nail olublar.

Natiq Cəfərlinin sözlərinə görə, sərhədin Azərbaycan tərəfində isə vəziyyət tam əksinədir. O vurğulayıb ki, son beş ildə ölkədə qoyun-keçi sayı 1 milyon 301 min baş azalıb və insanlar getdikcə heyvandarlıqla məşğul olmaqdan uzaqlaşırlar.

İqtisadçı bu fərqin səbəblərinin araşdırılmalı olduğunu bildirərək sual edib: "Eyni qoyun, eyni insan, arada isə yalnız bağlı sərhəd var. Niyə sərhədin o tərəfində yaşayan soydaşlarımız uğur qazanıb gəlirlərini artırır, bu tərəfdə isə insanlar əsasən şikayət edir və işləyə bilmir?"




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu