Media: İran Ukraynanın Xəzər dənizindəki hücumuna cavab variantlarını nəzərdən keçirib



ABŞ-ın "The New York Times" nəşri yazır ki, Ukraynanın Xəzər dənizində İranla əlaqəli gəmiyə hücumundan sonra Tehran cavab zərbəsi endirmək variantını nəzərdən keçirib, lakin intensiv diplomatik səylər nəticəsində vəziyyət hələlik sabitləşib.

AFN.az xəbər verir ki, "The New York Times" qəzetinin İran və Qərb rəsmilərinə istinadən yaydığı məlumata görə, iyulun 25-də Xəzər dənizində İranla əlaqəli bir gəminin Ukrayna tərəfindən hədəfə alınmasından sonra İranın Ukraynaya qarşı cavab addımı atmaq ehtimalı gündəmə gəlib.

İranlı və Qərb rəsmilərinin iddiasına əsasən, Tehran Ukraynada yerləşən limanlardan birinə zərbə endirmək imkanını qiymətləndirib. Lakin aparılan intensiv diplomatik təmaslar vəziyyətin hələlik gərginləşməsinin qarşısını alıb.

Məlumatlandırılan digər rəsmilər isə İranın kiçik döyüş başlığı ilə təchiz edilmiş ballistik raketdən istifadə edərək Ukraynada nisbətən məhdud zərər vuracaq hücum həyata keçirməklə simvolik mesaj verməyi planlaşdırdığını iddia ediblər.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) iyulun 25-də Xəzər dənizində Rusiyaya məxsus neft platformasına və İran ilə Rusiya arasında hərbi yüklərin daşınmasında istifadə olunan gəmilərə pilotsuz uçuş aparatları ilə hücum təşkil edildiyini açıqlamışdı.

İranın xarici işlər naziri Abbas Əraqçi isə hücumu pisləyərək bu addımın cavabsız qalmayacağını bildirmişdi.

Ukraynanın xarici işlər naziri Andriy Sibiha isə İranın təhdidlərini əsassız adlandıraraq, Tehranın Rusiyanın Ukraynaya qarşı hücumlarının birbaşa şəriki olduğunu və Moskvanın 2022-ci ildən bəri Ukraynaya qarşı apardığı müharibəni silah tədarükü ilə dəstəklədiyini bəyan etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu