Ukrayna: Rusiyanın gecə hücumlarında 13 nəfər ölüb, 31 nəfər yaralanıb
Ukrayna Rusiya ordusunun gecə saatlarından etibarən paytaxt Kiyev başda olmaqla ölkənin müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlar nəticəsində azı 13 nəfərin öldüyünü, 31 nəfərin isə yaralandığını açıqlayıb.
AFN.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko sosial şəbəkə hesabında paylaşdığı məlumatda Rusiyanın yerli vaxtla saat 02:23-dən etibarən şəhərə ballistik raketlərlə hücum etdiyini bildirib.
Kliçko paytaxta endirilən zərbələr nəticəsində şəhərin iki rayonunda dağıntıların qeydə alındığını bildirib.
Ukraynadakı bəzi sosial media hesablarında yayılan görüntülərdə Kiyev sakinlərinin təhlükəsizlik məqsədilə gecəni metro stansiyalarında keçirdiyi əks olunub.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin yaydığı məlumata görə, ilkin məlumatlara əsasən, Kiyevə edilən hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Açıqlamada həmçinin bildirilib ki, Kiyev vilayətinin Skibin kəndinə təşkil olunan hücum zamanı daha 5 nəfər yaralanıb.
Məlumata əsasən, Rusiya ordusunun Dnepropetrovsk vilayətinin Raduşne kəndinə endirdiyi zərbə nəticəsində 2-si uşaq olmaqla 5 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.
Poltava vilayətinə edilən hücum zamanı 1 nəfərin öldüyü, Lvov şəhərinə endirilən zərbələr nəticəsində isə ən azı 8 nəfərin yaralandığı bildirilib.
Açıqlamada əlavə olunub ki, bəzi bölgələrdə axtarış-xilasetmə əməliyyatları davam edir.
Digər tərəfdən, Kriviy Riq Şəhər Müdafiə Şurasının sədri Oleksandr Vilkul sosial şəbəkə hesabında Rusiyanın şəhərin kənarında yerləşən Novopil yaşayış məntəqəsinə raket hücumu təşkil etdiyini açıqlayıb.
Vilkulun sözlərinə görə, həmin hücum nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər ölüb, 2-si uşaq olmaqla 8 nəfər yaralanıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir gün əvvəl axşam saatlarında etdiyi açıqlamada Rusiyanın gecə ərzində ölkəyə genişmiqyaslı hava hücumu həyata keçirmə ehtimalının yüksək olduğunu bildirmişdi.




