Oğlu məktəbdə silahlı hücum törədən ata 15 il həbs cəzası aldı
ABŞ-ın Corciya ştatında yerləşən Apalaçi Liseyində iki şagird və iki müəllimin öldüyü silahlı hücumda oğlunu silahla təmin edən Kolin Qrey 15 il müddətinə azadlıqdan məhrum edilib.
AFN.az xəbər verir ki, məhkəmə atanın hadisədəki məsuliyyətini təsdiqləyərək hökm çıxarıb.
Hökm 2024-cü il sentyabrın 4-də baş verən hücumu törədən oğlu Kolt Qreyin bir neçə gün əvvəl şərti azadlığa buraxılmaq hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilməsindən sonra elan olunub. Cinayətini etiraf edən 16 yaşlı Kolt Qrey hadisə baş verən zaman 14 yaşında olub.
Barrou Dairə Ali Məhkəməsinin hakimi Nikolas Primm qərarı açıqlayarkən Kolin Qreyi valideyn kimi üzərinə düşən məsuliyyəti yerinə yetirməməkdə günahlandırıb. Hakim bildirib ki, qəsd olmadan törədilən səhlənkarlıq cinayətlərinə görə cəza təyin etmək hüquqi baxımdan mürəkkəb olsa da, qərar emosiyalara deyil, qanuna əsaslanaraq qəbul edilib.
Mart ayında keçirilən məhkəmə prosesində andlılar kollegiyası Kolin Qreyi 14 yaşlı Meyson Şermerhorn və Kristian Anqulonun ölümü ilə bağlı ikinci dərəcəli qətldə, müəllimlər Riçard Aspinvol və Kristina İriminin ölümü ilə bağlı isə ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilib. O, həmçinin uşaqlara qarşı təhlükəli davranış və qəddarlıq ittihamları ilə də üzləşib.
Prokurorluğun məlumatına görə, ata yarımavtomatik tüfəngi, sursatı və digər ləvazimatları oğluna Yeni il hədiyyəsi kimi alıb.
İstintaq zamanı müəyyən edilib ki, hücumçunun yataq otağında 2018-ci ildə Florida ştatında məktəbdə kütləvi qətliam törədən Nikolas Kruza aid fotolar olub və hadisədən əvvəlki həftələrdə onun psixoloji vəziyyəti ciddi şəkildə pisləşib.
Müdafiə vəkili Brayan Hobbs məhkəmədən Kolin Qreyə 10 il həbs və 10 il sınaq müddəti verilməsini istəyərək Kolt Qreyin psixi vəziyyətini ailəsindən gizlətdiyini iddia edib.
Prokuror Bred Smit isə atanın göz önündə olan təhlükəni görməzliyə vurduğunu və oğluna hücumu həyata keçirmək üçün lazım olan silahı şəxsən verdiyini vurğulayıb.
Son illər ABŞ-da məktəblərdə baş verən silahlı hücumlarla bağlı valideynlərin hüquqi məsuliyyəti ilə əlaqədar məhkəmə işlərinin sayı artmaqdadır.
Xatırladaq ki, 2021-ci ildə Miçiqan ştatındakı Oksford Liseyində baş vermiş silahlı hücumdan sonra hücumçunun valideynləri Cennifer və Ceyms Krambli də ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinərək hər biri 10 il həbs cəzasına məhkum edilmişdi.


