Mərakeşdən İspaniyaya qanunsuz keçid cəhdində 18 nəfər ölüb
Mərakeşin Kastilyexos sahillərindən İspaniyanın Şimali Afrikadakı Seuta şəhərinə keçməyə çalışan 18 qanunsuz miqrant həyatını itirib.
AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Seutaya keçmək istəyən qanunsuz miqrantlardan 18-i keçid cəhdi zamanı ölüb.
Bildirilib ki, son bir həftə ərzində Mərakeşdən əsasən üzərək Seutaya təxminən 1500 nəfər keçib. Hadisə ilə bağlı rəsmi statistika isə hələ açıqlanmayıb.
Xatırladaq ki, bundan əvvəl Mərakeşin Kastilyexos sahillərindən İspaniyanın Şimali Afrikadakı ərazisi olan Seutaya üzərək keçməyə çalışan 800-dən çox qanunsuz miqranta müdaxilə edilmişdi.
İspaniyanın Baş naziri Pedro Sançes hadisə ilə əlaqədar hökumətin bütün mövcud resurslarını səfərbər etdiyini açıqlamışdı.
Qanunsuz miqrasiya cəhdlərinin artması fonunda İspaniya hökuməti təhlükəsizliyin gücləndirilməsi məqsədilə silahlı qüvvələrin Seuta bölgəsinə göndərilməsi barədə qərar qəbul etmişdi.

