Hamının rəğbətini qazanan o gənc Mübariz Əskərovun oğlu imiş - VİDEO


Son vaxtlar sosial şəbəkələrdə, xəbər saytlarında yayılan video ilə rəğbət qazanan gənc jurnalist Mübariz Əskərovun oğlu imiş.

AFN.az xəbər verir ki, bu barədə M.Əskərov özünün feysbuk hesabında bildirib. Hamımızın məşhur "Qulp" verilişindən tanıdığımız jurnalist həmin görüntülərlə bağlı bunları yazıb:

“Son vaxtlar sosial şəbəkələrdə, xəbər saytlarında yayılmış bu video əsl rezonans doğurub, on minlərlə insanın rəğbətini qazanıb, müzakirə mövzusuna çevrilib. Çoxlarını da şadlıq evində xadiməni rəqsə dəvət edən gəncin kimliyi maraqlandırır. O mənim oğlumdur — Sərhədçi zabit Əsgərli Qorqud Mübariz oğlu. Açığı bu haqda danışmaq istəmirdim. Yadıma düşən bir əhvalat, təvazökarlıqdan uzaq olsa da, məni açıqlama verməyə vadar etdi...

Qorqud orta məktəbin 10-cu sinfində təhsil alanda, həmin məktəbin direktoru mənə zəng edib təcili məktəbə gəlməyimi istədi. Çəkilişləri yarımçıq qoyub həyəcanla məktəbə yollandım. Aydın oldu ki, oğlum özündən böyük, yuxarı sinifdə oxuyan bir nəfəri əzişdirib, əməlli-başlı döyüb. Hadisə məktəbin bufetində baş vermişdi. Döyülən oğlan bufetdə xadimə işləyən qadına, amiranə şəkildə 'ofisiant, mənə kofe gətir' deyib. Oğlum ona etiraz edib, deyib ki, 'o, anan yaşında qadındır, ofisiant deyil, xadimədir'. Həmin oğlan öz sözlərini bir neçə dəfə təkrar edib və dava düşüb.

Ürəyimdə oğluma haqq qazandırsam da, döyülənin yazıq vəziyyətini görüb pis oldum. Oğlumu tənbeh elədim. Məktəbin direktoru döyülənin atasını da dəvət etmişdi, vəzifə adamı idi. Ona yaxınlaşıb üzrxahlıq etdim. Gözləmədiyim halda, o da öz oğlunun hərəkətinə görə üzrxahlıq etdi. Dediki, oğlunun xadimə qadına qarşı etdiyi hərəkət düz deyil. Mehribancasına ayrıldıq...

O vaxt Qorqud xadimə anamızın hüquqlarını qoruyurdu, bu gün sə toy məclisində başqa bir xadimə bacımızı rəqsə dəvət edir, sevincini onunla bölüşür. Əslində belə də olmalıdır. Biz bu dövlətin həm ali, həm də adi vətəndaşlarıyıq. Tutduğumuz vəzifədən və mövqedən asılı olmayaraq, hamımız bir-birimizə hörmət etməli, sevincimizi bir-birimizlə bölüşməliyik. Bu bütöv vətənimizi göz bəbəyimiz kimi qorumalıyıq — sərhədçi oğlum Qorqud Əsgərli kimi...”




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu