Bayramovla Kassis təkbətək görüşdü - FOTO+YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis arasında geniş tərkibdə görüş keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Nazirlər Azərbaycan-İsveçrə ikitərəfli gündəmini, İsveçrənin ATƏT-ə sədrliyinin prioritetlərini, Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyətini və gələcək perspektivlərini, həmçinin regiondakı münaqişədən sonrakı vəziyyəti və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini müzakirə ediblər.
Tərəflər təmasların yüksək səviyyədə saxlanılmasının və Xarici İşlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin aparılmasının vacibliyini qeyd ediblər. Bununla əlaqədar onlar bu ilin aprel ayında Bakıda keçirilən siyasi məsləhətləşmələrin son raundunun əhəmiyyətini vurğulayıblar və bu mexanizmin müntəzəm olaraq davam etdirilməsinin vacibliyini bildiriblər.
Müzakirələr iqtisadi əməkdaşlığın genişləndirilməsinə, o cümlədən ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinə yönəldilib. Enerji sektorunun ikitərəfli iqtisadi münasibətlərin əsas dayaqlarından biri kimi rolu vurğulanıb. Bununla əlaqədar SOCAR-ın İsveçrədə uğurlu fəaliyyəti qarşılıqlı faydalı əməkdaşlığın mühüm nümunəsi kimi qeyd edilib.
ATƏT-in fəaliyyətdə olan sədri kimi İsveçrənin prioritetlərinə xüsusi diqqət yetirilib.
Nazir Ceyhun Bayramov qeyd edib ki, ATƏT-in bütün regionunda təhlükəsizlik sahəsində getdikcə daha mürəkkəb vəziyyət fonunda təşkilat regional təhlükəsizlik məsələlərinin həllində öz aktuallığını və rolunu qorumaq üçün özünün hərtərəfli təhlükəsizlik konsepsiyasından və geniş coğrafi üzvlüyündən tam istifadə etməlidir. O, Azərbaycanın iştirakçı dövlətlərin suveren bərabərliyi, qarşılıqlı hörmət, inklüziv dialoq və konsensus prinsiplərinə əsaslanan səmərəli çoxtərəfliliyə dəstəyini təsdiqləyib.
Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinə toxunan nazir Ceyhun Bayramov həmkarına sülh prosesinin hazırkı mərhələsi, iki ölkə arasında faktiki sülhün bərqərar olması və etimadın möhkəmləndirilməsi tədbirləri barədə məlumat verib. O, ikitərəfli formatda əldə olunan tərəqqinin bu yanaşmanın effektivliyini bir daha nümayiş etdirdiyini vurğulayıb.
ATƏT ilə əməkdaşlığa gəlincə, nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT-in müvafiq təcrübəyə malik olduğu və əlavə fayda verə biləcəyi qarşılıqlı maraq doğuran sahələrdə təşkilatla praktiki əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Ceyhun Bayramov Azərbaycan ərazilərinin minalarla və digər partlayıcı müharibə qalıqları ilə genişmiqyaslı çirklənməsinə də diqqət çəkərək, bunu ölkənin ən kəskin humanitar problemlərindən biri adlandırıb. O, ATƏT-in mandatı çərçivəsində praktiki dəstəyinin və bu məsələnin həllində imkanların vacibliyini vurğulayıb.
Görüşdə Ukrayna ətrafındakı vəziyyət, Yaxın Şərqdəki hadisələr və digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisi qarşılayıb.
AFN.az xəbər verir ki, bununla bağlı XİN məlumat yayıb.
Daha sonra isə Bayramovla Kassis arasında təkbətək görüş başlayıb.





