Danimarkada məcburi hərbi xidmət müddəti uzadıldı
Danimarkada məcburi hərbi xidmət müddətini 4 aydan 11 aya çatdıran yeni sistem çərçivəsində ilk çağırış qrupu xidmətə başlayıb.
AFN.az xəbər verir ki, bu barədə ölkənin DR televiziya və radio qurumu məlumat yayıb.
Məlumata görə, bu gündən qüvvəyə minən yeni qaydalara əsasən 1600 gənc əvvəlki 4 aylıq xidmət əvəzinə 11 ay müddətində məcburi hərbi xidmət keçəcək.
Yeni sistemə əsasən, hərbi qulluqçular ilkin hazırlıq mərhələsini başa vurduqdan sonra 6 ay ərzində ordunun real əməliyyat tapşırıqlarında xidmət edəcəklər.
Danimarkanın Olborq şəhərindəki hərbi hissədə xidmətə başlayan 20 yaşlı Coy Berq yeni hərbi formasını geyinmək üçün səbirsizliklə gözlədiyini və əməliyyat xidmətinə hazır olduğunu bildirib.
Berq qeyd edib ki, 11 aylıq xidmət müddəti ona ordunu daha yaxından tanımaq və daha güclü dostluq münasibətləri qurmaq imkanı yaradacaq. O, ölkəsini müdafiə etməyə hazır olduğunu da vurğulayıb.
"Ölkən üçün müharibəyə getməyə hazırsanmı?" sualına Berq zarafatla belə cavab verib: "Bəli, onsuz da burada olma səbəbimiz budur. Amma anam soruşsa, yox".
Olborq Universitetinin Avropa təhlükəsizliyi və müdafiə siyasəti üzrə müəllimi Yeppe Plenge Trautner bildirib ki, 4 aylıq sistemdən 11 aylıq xidmətə keçidlə artıq yalnız fərdi hərbçilər deyil, qısa müddətdə döyüşə göndərilə biləcək hərbi bölmələr hazırlanacaq.
Trautner əlavə edib ki, yeni sistemin Şimali Avropada artan müharibə riskləri fonunda tətbiq edilməsi təəssüf doğurur.
Yeni qaydalara əsasən, cinsindən asılı olmayaraq 18 yaşı tamam olan bütün gənclər hərbi xidmət prosesi ilə bağlı məlumatlandırıldıqları və yararlılıqlarının qiymətləndirildiyi "Müdafiə Günü" tədbirinə dəvət olunacaqlar.


