Taylandda futbol matçı zamanı meydana ildırım düşdü - bir oyunçu öldü
Taylandın cənub-qərbində yerləşən Narativat əyalətində keçirilən futbol oyunu zamanı meydana ildırım düşməsi nəticəsində bir futbolçu həyatını itirib.
AFN.az xəbər verir ki, bu barədə Thai PBS televiziya kanalı məlumat yayıb.
Məlumata görə, hadisə əyalətin Sunqai Kolok bölgəsində yerləşən Santiphap stadionunda keçirilən "Golok FA Cup 2026" turnirinin yarımfinal oyunu zamanı baş verib.
Qarşılaşmanın əlavə vaxtında meydanın mərkəzinə ildırım düşüb və nəticədə çoxsaylı futbolçular yerə yıxılıb.
Hadisədən dərhal sonra meydana daxil olan tibb işçiləri yaralılara ilkin tibbi yardım göstəriblər.
Hadisə nəticəsində FC Yala klubunun futbolçusu, Tayland vətəndaşı Sofwan Awae həyatını itirib, daha 9 futbolçu isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralananların hamısı xəstəxanaya çatdırılıb.
Yala FC rəhbərliyi Sofwan Awae-nin vəfatı ilə əlaqədar başsağlığı mesajı yayıb.
Sunqai Kolok Polis İdarəsinin rəisi Thun Sirikhunt bildirib ki, qarşılaşma güclü yağış və şiddətli külək şəraitində keçirilirdi.




