Bulvar İdarəsində 12 milyonluq mənimsəmə işi: məhkəmədə ziddiyyətli şahid ifadələri


Sabiq sədr İlqar Mustafayev və digərlərinin işi üzrə proses davam edir – gəmi reysləri və sərnişin sayı ilə bağlı suallar ortaya çıxıb

Dənizkənarı Bulvar İdarəsində mənimsəmə iddiaları ilə bağlı aparılan məhkəmə araşdırması şahid ifadələri ilə davam edir.

AFN.az "Report"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən növbəti iclasda bir sıra şahidlər dinlənilib. İfadə verənlər arasında bulvar ərazisində gəmilərin fəaliyyətinə nəzarət etmiş və bilet satışı ilə məşğul olmuş Ağababa Babayev də olub.

Şahid bildirib ki, 2017–2023-cü illər ərzində bu sahədə çalışıb. Onun sözlərinə görə, əvvəlki illərdə biletlər birbaşa satılsa da, sonradan satış yalnız kassa vasitəsilə həyata keçirilib və qeyri-rəsmi satış mümkün olmayıb. O qeyd edib ki, bulvarda fəaliyyət göstərən gəmilərdən biri 350, digəri isə 60 nəfər tutumuna malik olub. “Mirvari” gəmisi əsasən yay mövsümündə, “Şəfəq” gəmisi isə qış aylarında işləyib. Bilet qiymətlərinin pandemiyaya qədər 3 manat, sonradan isə 5 manat olduğu bildirilib.

Ağababa Babayev məhkəmədə həmçinin qeyd edib ki, gəmilərin reysə çıxması üçün konkret minimum sərnişin sayı müəyyən edilməmişdi. O, pandemiya dövründə isə gəmilərin fəaliyyət göstərmədiyini deyib.

Lakin müdafiə tərəfi şahidin ifadələrində ziddiyyətlər olduğunu diqqətə çatdırıb. Vəkil İsmayıl Kəngərli bildirib ki, istintaq materiallarında pandemiya dövründə belə gəmilərlə on minlərlə sərnişinin daşındığı qeyd olunur. Bundan əlavə, şahidin əvvəlki ifadələrində gəmilərin müəyyən sayda sərnişin toplanmadan hərəkətə başlamadığı göstərilib.

Bu məqamlara aydınlıq gətirən şahid bəzi hallarda sərnişinlərin müəyyən say tamamlanana qədər gözlədiyini, bəzilərinin isə gözləmədən ərazini tərk etdiyini deyib.

Məhkəmə prosesində vəkil həmçinin Dövlət Dəniz və Liman Agentliyinin təqdim etdiyi məlumatlara da istinad edərək, bəzi reyslərin gecə saatlarında həyata keçirildiyini və tutumdan artıq sərnişin daşındığına dair rəqəmlərin olduğunu bildirib. Hakim isə qeyd edib ki, bu məsələlər sübutların araşdırılması mərhələsində ətraflı nəzərdən keçiriləcək.

Növbəti məhkəmə iclası sentyabrın 16-na təyin olunub.

Qeyd edək ki, cinayət işi Hesablama Palatasının yoxlama materialları əsasında başlanıb və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İttihama görə, Dənizkənarı Bulvar İdarəsinin sabiq rəhbəri İlqar Mustafayev köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevlə birlikdə müxtəlif fəaliyyət sahələrindən əldə olunan vəsaitləri mənimsəməkdə ittiham olunur. Söhbət 12 milyon manatdan artıq məbləğdən gedir.

Bundan başqa, Mustafayevin külli miqdarda vergi ödənişindən yayınmaqda və qanunsuz əldə edilən vəsaitləri müxtəlif əqdlər vasitəsilə leqallaşdırmaqda təqsirli bilindiyi qeyd olunur. İstintaq çərçivəsində ümumi dəyəri 11 milyon manatdan çox olan əmlak üzərinə həbs qoyulub.

Hazırda təqsirləndirilən İlqar Mustafayev barəsində həbs qətimkan tədbiri qüvvədədir, digər şəxslər isə polisin nəzarəti altındadır. İş üzrə araşdırmalar davam edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu