Takaiçi kadr dəyişiklikləri etməyə hazırlaşır
Yaponiyanın Baş naziri Sanaye Takaiçi 2027-ci ildə keçiriləcək Liberal Demokrat Partiyasının (LDP) lideri seçkilərində qələbəsini təmin etmək üçün kabinetdə və LDP-də kadr dəyişiklikləri etməyə hazırlaşır.
AFN.az xəbər verir ki, bu barədə "Kyodo" informasiya agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, diqqət mərkəzində partiyanın praktiki idarə olunmasında mühüm rol oynayan LDP baş katibi Şun'içi Suzukinin gələcək karyerası dayanır. O, liberal-demokratlar arasında son dərəcə nüfuzlu olan LDP sədr müavini Taro Asonun qaynıdır. Taro Aso 2025-ci ildə Takaiçinin partiya lideri və baş nazir seçilməsində həlledici rol oynayıb. Onun dəstəyi 2027-ci il seçkilərində də zəruridir, lakin "Kyodo"nun qeyd etdiyinə görə, Takaiçi ilə Suzuki arasında qarşılıqlı etimada söykənən münasibətlər formalaşmayıb.
Xüsusi diqqət çəkən digər məqam isə baş nazirin keçən il LDP sədri seçkilərindəki rəqiblərinin – müdafiə naziri Şindziro Koydzumi, XİN rəhbəri Toşimitsu Motegi, inzibati işlər və rabitə naziri Yoşimasa Hayaşi və LDP Siyasət Şurasının rəhbəri Takayuki Kobayaşinin gələcək taleyidir. Onlar növbəti ildə Takaiçiyə ciddi rəqabət yarada bilərlər. Agentlik bununla bağlı LDP-dəki mənbənin fikrini sitat gətirir: Baş nazir üçün rəqiblərini kabinetdə və partiyada məsul vəzifələrdə saxlamaq daha sərfəlidir, çünki bu, onların müstəqil fəaliyyət imkanlarını məhdudlaşdıra bilər.
"Kyodo" ehtimal edir ki, Takaiçi 2027-ci ildə alternativsiz əsasda yenidən seçilmək niyyətindədir. Sorğuların məlumatına görə, son zamanlar onun kabinetinin dəstək reytinqi aşağı düşsə də, hələlik 53%-dən 63%-ə qədər səviyyədə qalmaqdadır.

