Jurnalist Qazaxıstandan kənd təsərrüfatı naziri Məcnun Məmmədova müraciət etdi
Jurnalist Zaira Akifqızı Aktau şəhərindən kənd təsərrüfatı naziri Məcnun Məmmədova müraciət edərək ölkədəki ət qiymətləri və regionlarda torpaq bölgüsü zamanı yaşanan problemləri gündəmə gətirib.
AFN.az xəbər verir ki, Qazaxıstandakı qiymətlərlə Azərbaycandakını müqayisə edən jurnalist yerli bazardakı bahaçılığa diqqət çəkib: "Düşünürdüm ki, Qazaxıstanda da ətin kilosu artıq 17-18 manata çatıb. Amma məlum oldu ki, heç də belə deyil. Atam 10 kilo yarım ətə 40 min təngə ödəyib. Hesablayanda ətin bir kiloqramı təxminən 3800 təngə, yəni 13-13,50 manat civarında edir. Qazaxıstan postsovet ölkəsidir, Azərbaycan da. Qazaxıstanda heyvandarlıq mümkündürsə, Azərbaycanda niyə mümkün deyil?! Bizdə niyə eyni məhsul baha başa gəlir?"
Bununla yanaşı, jurnalist kənd təsərrüfatının inkişafına mane olan əsas amillərdən biri kimi yerli kəndlilərin torpaq sahələrinə çıxış imkanlarının məhdudlaşdırılmasını göstərib. Zaira Akifqızı Kürdəmirin Garısəyribənd kəndindəki mövcud mənzərəni sitat gətirərək aidiyyəti qurumlar qarşısında cavabsız qalan suallar qoyub: "Bizim kənddə kifayət qədər bərəkətli torpaqlar var. İnsanlar həmin torpaqları əkib-becərməklə həm öz ailələrini dolandıra, həm də ölkənin kənd təsərrüfatına töhfə verə bilərlər. Amma burada başqa bir problem ortaya çıxır: yerli sakin torpaq əldə etmək istəyir, müraciət edir və ona deyilir ki, torpaq yoxdur. Çünki eyni ərazilərdə başqa rayonlardan gələn şəxslərin yüzlərlə hektar torpaq sahəsi əldə edib əkin apardığını görürük. Bəs yerli sakin nə etsin?"
Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin də mövqeyini dərc etməyə hazırıq.




