Rumıniya ABŞ-a qoşunların ölkədə yerləşdirilməsi üçün dəstək təklif edib
Rumıniya ABŞ hakimiyyətinə öz ərazisində Amerika qoşunlarının yerləşdirilməsi üçün kompleks dəstək paketi təklif edib.
AFN.az xəbər verir ki, bu barədə "Observator News" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Prezident Nikuşor Danın mandatı ilə hazırlanan təklif Vaşinqtona təqdim olunub, nümayəndələr bunun ABŞ-a faydalarını izah etmək üçün ora yola düşüblər. Mənbələrin sözlərinə görə, ABŞ tərəfində vəziyyətin yenidən nəzərdən keçirilməsi prosesi artıq başlayıb. İlkin olaraq 6 ay çəkəcəyi gözlənilən razılaşmanın indi Konqresə aralıq seçkilərinədək başa çatdırılması planlaşdırılır.
Paketə infrastruktur, logistika, tibbi təminat və inzibati prosedurların sadələşdirilməsi daxildir — bu, ABŞ qoşunlarının Almaniya və Polşada yerləşdirilmə şərtlərinə bənzəyəcək. Təklif olunan məbləğ açıqlanmır; müqayisə üçün, Almaniya və Polşa infrastruktur, kommunal və logistika xərclərinin əsas hissəsini öz üzərinə götürür, ABŞ isə əməliyyat xərclərini ödəyir.

