Brent nefti 91 dollara gerilədi



Brent neftinin bir barreli beynəlxalq fyuçers bazarlarında 91 dollardan satılır.

AFN.az xəbər verir ki, cümə günü 92,98 dollara qədər yüksələn Brent neftinin fyuçers üzrə bir barrelinin qiyməti günü 92,67 dollardan tamamlayıb. Brent neftinin noyabr fyuçersləri üzrə bir barrelinin qiyməti bu gün saat 10:38-ə olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 1,8 faiz azalaraq 91 dollar olub.

Eyni dəqiqələrdə Qərbi Texas markalı (WTI) xam neftin oktyabr fyuçersləri üzrə bir barrelinin qiyməti də 85,34 dollar müəyyənləşib.

Ötən həftə təxminən 5 faiz artan neft qiymətləri yeni həftənin ilk ticarət günündə ABŞ-ın İrana qarşı açıqlaması gözlənilən yeni sanksiyaları öncəsi həyata keçirilən mənfəət realizasiyası və İranın bəzi İraq tankerlərinə Hörmüz boğazından keçməyə icazə verməsi ilə geriləyib.

ABŞ ilə İran arasında danışıqların dalana dirənməsi və Hörmüz boğazından neft daşınması ilə bağlı qeyri-müəyyənliyin davam etməsi tədarük narahatlıqlarını artırarkən, gərginliyin hərbi cəbhədən iqtisadi sahəyə keçməsi neft bazarlarındakı riskləri dərinləşdirir.

Bazarlarda diqqətlər ABŞ maliyyə naziri Skott Bessentin bu gün açıqlaması gözlənilən İrana qarşı yeni iqtisadi sanksiyalara yönəlib.

Tehran administrasiyasından iqtisadi təzyiqə qarşı daha sərt cavab gələ biləcəyi ilə bağlı açıqlamalar isə neft bazarlarındakı tədarük narahatlıqlarını canlı saxlayır.

İranın Bağdadın tələbi əsasında bəzi İraq neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verməsi isə bazarlarda məhdud rahatlama yaradıb.

Digər tərəfdən, İran Fars körfəzi Su Yolu İdarəsi Hörmüz boğazında ölkənin müəyyən etdiyi keçid qaydalarına əməl etməyən bəzi gəmilərin növbəti keçidlərində cərimə, saxlanılma və ya müsadirə kimi sanksiyalarla üzləşə biləcəyini bildirib.

Brent neftində texniki baxımdan 93,53 dolların müqavimət, 88,94 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyi bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu