101 yaşlı qadın narkotik alverinə görə saxlanıldı
Nigeriya Milli Narkotiklərlə Mübarizə Agentliyi paketlənmiş marixuana satdığı şübhəsi ilə 101 yaşlı Ester Oqunmabonu saxlayıb.
AFN.az xəbər verir ki, keçirilən əməliyyat zamanı yaşlı qadının üzərindən “skunk” adlanan güclü marixuana törəməsinin paketlənmiş halda 90 qramı aşkarlanaraq götürülüb.
İfadəsində mağazasının yanğın nəticəsində külə dönməsindən sonra narkotik alverinə başladığını deyən Oqunmabo Laqosda yaşayan qızının hər dörd gündən bir ona mal gətirdiyini və özünün də bunları pərakəndə şəkildə satdığını bildirib.
Şübhəlinin yaşının nəzərə alındığı, onun girov müqabilində sərbəst buraxılaraq məsləhət xidmətinə yönləndirildiyi bildirilib. Daşınmanı təşkil etdiyi müəyyən edilən qızı isə saxlanılıb.
Səlahiyyətli şəxslər 101 yaşlı şəxsin narkotik alveri ilə əlaqəli şəkildə saxlanılmasını qeyri-adi hadisə kimi qiymətləndiriblər.

