Robert Köçəryan və oğlu saxlanıldı, evlərində axtarış keçirilir
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan səhər saatlarında hüquq-mühafizə orqanları tərəfindən Antikorrupsiya Komitəsinə aparılıb.
AFN.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
NEWS.am-ın yazdığına görə, hüquq-mühafizə əməkdaşları səhər saat 07:00 radələrində müxalif deputat Levon Köçəryanın evinə basqın edib. Həmin vaxt onun atası, Ermənistanın ikinci prezidenti Robert Köçəryan istintaq orqanları tərəfindən Antikorrupsiya Komitəsinə aparılıb.
Ermənistan Antikorrupsiya Komitəsi isə Köçəryan ailəsi ilə bağlı bir neçə ünvanda axtarış və digər prosessual hərəkətlərin keçirildiyini açıqlayıb.
“Hraparak”ın məlumatında da Köçəryan ailəsinin üzvlərinə qarşı səhər saatlarından etibarən hüquqi tədbirlərin başladığı bildirilir. Nəşr hadisələri Ermənistan hakimiyyətinin son günlər keçmiş prezidentlərə münasibətdə verdiyi mesajlarla əlaqələndirir.
Məlumata görə, hüquq-mühafizə orqanlarının diqqətində Köçəryan ailəsinin biznes maraqları da olub. NEWS.am yazır ki, Sedrak Köçəryan “Toyota” şirkətinin səhmdarlarından biridir və avqustun 25-də səhər saatlarında şirkətin İrəvandakı ofisi vergi orqanları tərəfindən möhürlənib.
Bundan başqa, Antikorrupsiya Komitəsinin əməkdaşlarının İrəvandakı “Orange Fitness” klubunda da olduğu barədə məlumat yayılıb.
Hadisələr Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 24-də parlamentdə səsləndirdiyi fikirlərdən bir gün sonraya təsadüf edir. Paşinyan hüquq-mühafizə orqanlarına Robert Köçəryan və Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın əmlakının müsadirə edilməsi istiqamətində tədbirlər görülməsi barədə tapşırıq verdiyini bildirmişdi.




