Zelenski: Rusiya Poltava, Sumı və Xerson bölgələrindəki kritik infrastrukturu vurub



Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə saatlarında Poltava, Sumı və Xerson bölgələrindəki kritik infrastrukturu vurduğunu bildirib.

AFN.az xəbər verir ki, Volodimir Zelenski sosial media hesabında etdiyi paylaşımda Rusiyanın gecə saatlarında dronlar və ballistik raketlərlə birgə hücumlar həyata keçirdiyini bildirib.

Zelenski “Ruslar Poltava, Sumı və Xerson bölgələrindəki kritik infrastrukturu vurdu. Xarkov vilayətində yaşayış binalarını hədəfə aldılar. Kramatorskda idarə olunan hava bombası yaşayış binasına düşdü” ifadəsini işlədib.

Zaporojyedə 3, Krivoy Roqda isə 2 nəfərin yaralandığını qeyd edən Zelenski, Odessada bir yaşayış binasının vurulduğunu, Kiyev vilayətinin Çubınskoye qəsəbəsində isə dron hücumlarından sonra müəssisələrdə baş verən yanğınların söndürülməsi üçün fövqəladə xidmət bölmələrinin ciddi səylər göstərdiyini bildirib.

Rusiyanın raketlərlə müharibəni genişləndirməyə çalışdığını irəli sürən Zelenski bunları qeyd edib:

“Bu da daha çox əks tədbir tələb etdiyi anlamına gəlir. Bu həftə Avropadakı müttəfiqlərimiz Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün mühüm qərarlar qəbul etdilər. Bunların əlavə ballistik raketdən müdafiə paketləri ilə də dəstəklənməsi vacibdir, ilk növbədə PURL (Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı) vasitəsilə. Səmanı qoruyan hər şey hər gün ukraynalıların həyatını effektiv şəkildə xilas edir. Rusiyanın döyüşməyə davam etmək istəyini qırmaq üçün Moskvanın müharibəni davam etdirmək üçün bu qədər möhkəm sarıldığı raketləri effektiv şəkildə vurmalıyıq”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu