Bakıda bağçada qruplar bağlandı: müəllimlər işsiz qala bilər - VİDEO


Nəsimi rayonunda yerləşən 127 saylı körpələr evi-uşaq bağçasında müəllimlərin işlə bağlı narahatlığı yaranıb.

AFN.az xəbər verir ki, Süleyman Rüstəm küçəsində fəaliyyət göstərən bağçada qeydiyyat sisteminin işləməməsi səbəbindən valideynlərin müraciətlərinin qəbul edilmədiyi və nəticədə qruplarda uşaq sayının formalaşmadığı bildirilir.

Bağçanın müəllimi Məlahət Tağıyeva deyib ki, tədris ilinin başlamasına baxmayaraq, onun qrupu fəaliyyətə başlamayıb. Onun sözlərinə görə, qrupda siyahı üzrə 8 uşaq olub, daha bir neçə uşağın isə elektron sistemdə qeydiyyatı gözləmədədir:

"Avqustun 31-i buranı təmizləmişəm ki, ayın 1-dən tədris başlayır. Lakin gəldim, dedilər ki, "qrupun bağlanıb, gəlmə". Siyahıda 8 nəfər uşaq var, ad-soyadı ilə bunu sübut edə bilərəm. Bir qədəri də sistemdə gözləmədədir. Beləcə, qrupum durduğu yerdə bağlandı".

Körpələr evi-uşaq bağçasının müdiri Məhruyyə Mərdanova da müəllimlərin səsləndirdiyi fikirləri təsdiqləyib. O bildirib ki, məzuniyyətə çıxmazdan əvvəl ona uşaq sayının az olması səbəbindən məktəbəhazırlıq qrupunun ləğv ediləcəyi deyilib.

"Mən bu halda razılaşdım ki, ləğv edilməsin, qrupun adı dəyişilsin. Razılıq belə olmamışdı", – deyə müəssisə rəhbəri qeyd edib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 127 saylı təhsil müəssisəsində təlim-tərbiyə prosesinin səmərəliliyinin artırılması məqsədilə mövcud qaydalara uyğun şəkildə qrupların komplektləşdirilməsi aparılıb. Qurumun açıqlamasında qeyd olunub ki, həmin qruplarda çalışan müəllimlər digər məktəbəqədər təhsil müəssisələrində işlə təmin ediləcəklər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən həmçinin bildirilib ki, müəssisələrə qəbul üçün qeydiyyat prosesi hazırda komplektləşdirmə qaydalarına əsasən dayandırılıb. Komplektləşdirmə başa çatdıqdan sonra elektron qeydiyyat sistemi yenidən aktivləşdiriləcək.

Daha ətraflı videomaterialda:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu