Tramp: Hörmüz boğazı tezliklə hazırkı əhəmiyyətini itirəcək
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yaxın gələcəkdə dünya bazarları üçün hazırkı əhəmiyyətini itirə biləcəyini ehtimal edir.
AFN.az-ın xəbərinə görə, Ağ Evdə jurnalistlərlə həmsöhbət olan Amerika lideri bildirib ki, Hörmüz boğazına çoxlu alternativlər yaradılır. Bu xüsusda o, Yaxın Şərqdə yeni kəmərlərin tikildiyini və Suriya vasitəsilə yük avtonəqliyyatı ilə kifayət qədər böyük həcmdə neft daşınmasına başlanıldığını xatırladıb.
"Hörmüz boğazı artıq əvvəlki kimi deyil. İran, əgər ağıllanmasa ki, mən onların buna qadir olduğuna əmin deyiləm — o qədər də zəruri olmayan bir Hörmüz boğazı ilə baş-başa qalacaq. İndi bütün Yaxın Şərqdə kəmərlər tikilir ki, karbohidrogenləri Hörmüz vasitəsilə daşımaq məcburiyyəti qalmasın", - deyə Tramp qeyd edib.
O, həmçinin ABŞ və İran arasındakı hərbi əməliyyatları çoxlarının müharibə adlandırmadığını bəyan edib. "Mən bunu hərbi münaqişə adlandırıram. Bizim üçün bu, xırda bir şeydir. Böyük bir məsələ deyil", - deyə Amerika administrasiyasının rəhbəri vurğulayıb.
