Evlərin arasında yanacaqdoldurma məntəqəsi tikilir, həyatımız təhlükədədir - ŞİKAYƏT
"Qazaxın İkinci Şıxlı kəndində yaşayış evlərinin arasında yanacaqdoldurma məntəqəsi və TIR parkı tikilir. Biz çox narahatıq, əgər obyektlər işə düşsə, sağlamlığımız təhlükə altında olacaq".
AFN.az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya kənd sakini Kamran Süleymanov müraciət edib.
Onun sözlərinə görə, ərazidəki torpaq sahəsi vətəndaş Tərlan Əliyevaya məxsusdur. Sakin iddia edir ki, həmin torpaq 50 sot olsa da, bir hissəsinin rəsmi sənədi yoxdur:
"Torpaq sahəsinin 43 sotu rəsmidir, qalan hissəsi isə bələdiyyə torpağına girilib. Narazılığımızın əsas səbəbi odur ki, yaşayış evlərinin arasında bu cür obyektlərin fəaliyyət göstərməsi təhlükəlidir. Obyekt işə düşəndə səs-küy, havaya atılan təhlükəli qazlar, yük maşınlarının siqnal səsləri burada yaşayışı mümkünsüz edəcək".
K.Süleymanov kənd sakinlərinin dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin problemin həll edilmədiyini deyir.
Problemlə bağlı Qazax Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya belə cavab aldıq:
"İkinci Şıxlı kəndi ərazisində Qazax şəhər sakini Əliyeva Tərlan Ədil qızı tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti norma və qaydalarına uyğun olaraq 14.02.2025-ci il tarixli EXO-3486/2025 nömrəli rəyi ilə razılaşdırılmış layihəyə əsasən planda ölçüləri 23,80 x 4,80 metr olan birmərtəbəli ofis binasının tikintisi üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinin, Respublika Gigiyena və Epidemioloji Mərkəzi PHŞ-nin, Dövlət Yanğın Nəzarəti Xidmətinin müsbət rəyləri nəzərə alınmaqla tikinti işləri aparılıb.
Vətəndaşların müraciətlərinə əsasən 08.01.2026-cı il tarixdə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Tikinti Müfəttişliyinin, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Dövlət Agentliyinin Qərb Regional Müfəttişliyinin, Qazax RİH başçısı aparatının məsul əməkdaşlarının iştirakı ilə qeyd olunan əraziyə yerində baxış keçirilib. Baxış zamanı T.Əliyeva tərəfindən birmərtəbəli ofis binasının tikintisinin layihəyə uyğun şəkildə aparıldığı, TIR parkının və yanacaqdoldurma məntəqəsinin tikilmədiyi müəyyən edilib".
Cavabda həmçinin qeyd olunub ki, avqustun 30-u Qazax RİH başçısı Aparatının məsul əməkdaşları tərəfindən qeyd olunan əraziyə təkrar baxış keçirilib:
"Baxış zamanı T.Əliyevaya məxsus birmərtəbəli qeyri-yaşayış (ofis) binasının qarşısında yerləşən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rəyi ilə razılaşdırılmış tikinti layihəsindən kənar mövcud metal profillərdən ibarət dəmir konstruksiyada qaynaq işləri aparıldığı müəyyən edilib və həmin işlərin davam etdirilməsi dayandırılıb. T.Əliyevaya qanunamüvafiq izahat verilərək müvafiq sənədləşmə və razılaşdırma işləri həyata keçirilmədən sözügedən ərazidə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasının yolverilməz olduğu nəzərinə çatdırılıb.
Sözügedən ərazidə TIR parkının və yanacaqdoldurma məntəqəsinin tikintisindən söhbət gedə bilməz. Bu barədə yayılan məlumatlar tamamilə əsassızdır, həqiqəti əks etdirmir. Hazırda qeyd olunan ərazidə hər hansı tikinti işləri aparılmır. Bundan əlavə bildiririk ki, qeyd olunan ərazidə bələdiyyə torpağı zəbt olunmayıb və 0,0431 hektar torpaq sahəsi sahibkar T.Əliyevanın mülkiyyətindədir.
Məlumat üçün bildiririk ki, sosial şəbəkələrdə İkinci Şıxlı kəndi ərazisində TIR parkının və yanacaqdoldurma məntəqəsinin tikintisi ilə bağlı qərəzli paylaşımlar edən şəxs Bakı şəhərində qeydiyyatda olan və orada yaşayan Süleymanov Kamran İmran oğludur. K.Süleymanov şəxsi maddi maraqları çərçivəsində müxtəlif dövlət qurumlarına və sosial media platformalarına əsassız müraciətlər ünvanlayır. Araşdırma zamanı məlum olub ki, onun bu cür addımlar atmasının əsl səbəbi öz ata yurdunu müxtəlif yollarla sahibkar T.Əliyevaya zorla satmağa çalışması və bu cəhdlərinin uğursuzluqla nəticələnməsindən doğan narazılığıdır".




