Instagram-da alqoritm mübahisəsi: Mosseri istifadəçiləri gözləyən təhlükədən danışdı
Instagram rəhbəri Adam Mosseri alqoritmlərin tətbiqdən çıxarılmasının istifadəçilər üçün daha pis təcrübəyə səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, belə bir sistemdə istifadəçilər daha çox brend məzmunu ilə qarşılaşa və tətbiqdə daha az vaxt keçirə bilərlər.
AFN.az xəbər verir ki, Mosserinin açıqlaması Avstraliya hökumətinin sosial media istifadəçilərinə alqoritmləri deaktiv etmək imkanı verilməsi ilə bağlı planının ardından səslənib.
Avstraliyanın Baş naziri Entoni Albanese sosial media platformalarının istifadəçilərə tövsiyə olunan məzmunla xronoloji lent arasında seçim etmək imkanı yaratmasını məcburi edən yeni qaydalar hazırladıqlarını açıqlayıb.
Avstraliyada jurnalistlərin suallarını cavablandıran Mosseri isə xronoloji lentə qayıtmaq istəyənlərin daha çox fikrini yüksək səslə ifadə edən kiçik bir qrupdan ibarət olduğunu iddia edib.
Onun sözlərinə görə, alqoritmin olmadığı sistemdə daha çox paylaşım edən istifadəçilərin məzmunu ön plana çıxacaq. Mosseri dostların kontent yaradıcılarından, kontent yaradıcılarının isə brendlərdən daha az paylaşım etdiyini vurğulayıb.
Instagram rəhbəri belə vəziyyətdə istifadəçilərin brendlərin paylaşımları ilə dolu lentlə qarşılaşacağını və bunun nəticədə istifadəçi fəallığının və məmnunluğunun azalmasına gətirib çıxara biləcəyini bildirib.
Mosseri alqoritmin istifadəçilər tərəfindən bir növ “qara qutu” kimi qəbul edildiyini də etiraf edib. O, istifadəçilərin qarşılarına çıxan tövsiyə olunan mövzular üzərində daha çox nəzarət əldə etməsi üçün çalışdıqlarını söyləyib.
Instagram rəhbəri gələcəkdə süni intellekt modellərinin köməyi ilə istifadəçilərin müəyyən məzmunları niyə gördüklərini tətbiqlə ünsiyyət quraraq öyrənə biləcəklərini də qeyd edib.
Mosseri həmçinin Instagram və sosial mediadan istifadənin tibbi baxımdan asılılıq yaratdığı fikri ilə razılaşmadığını bildirib. O, sosial media istifadəsinin gündəlik dildə işlədilən “asılılıq” anlayışı ilə tibbi asılılığın bir-birinə qarışdırıldığını müdafiə edib.
Onun sözlərinə görə, tibbi asılılıq zamanı məhrumetmə əlamətləri müşahidə olunur, sosial media istifadəsində isə vəziyyət fərqlidir.
