Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi digər regionlarda tətbiq edilə bilər


Azərbaycanın müharibədən sonrakı bərpa və əhalinin qayıdışı ilə bağlı topladığı təcrübə dünyanın münaqişə, eləcə də müharibələrdən zərər çəkmiş digər regionlarında tətbiq oluna bilər.

AFN.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciətində bildirib.

O qeyd edib ki, mina təhlükəsi işğaldan azad edilmiş ərazilərin bərpasına və əhalinin təhlükəsiz qayıdışına mane olmağa davam edir. H.Hacıyevin sözlərinə görə, ötən gün növbəti mina insidenti baş verib, Xankəndiyə gedən yolda isə dinc sakinin xəsarət alması ilə nəticələnən daha bir bənzər hadisə barədə məlumat daxil olub:

“Bu, bərpa və yenidənqurma üzrə səylərimizə mane olur, lakin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışını təmin etmək əzmimizi sarsıda bilməz”.

Prezidentin köməkçisi bildirib ki, indiyədək Qarabağa 40 mindən çox keçmiş məcburi köçkün qayıdıb və onların sayı artmaqda davam edəcək. Eyni zamanda 2020-ci ildən bəri 45-dən çox yaşayış məntəqəsi bərpa edilib və yenidən qurulub. Hazırda Qarabağda 100 minə yaxın vətəndaş yaşayır, işləyir və təhsil alır. H.Hacıyev bunu Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində topladığı unikal təcrübə adlandırıb.

O əlavə edib ki, bu ilin may ayında Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) bu sahədə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin, eləcə də təcrübə və bilik mübadiləsinin vacibliyini bir daha nümayiş etdirib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və yerlərdə gələcək sülhün möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək. Onun sözlərinə görə, üç il əvvəl Qarabağ münaqişəsinin sonuncu fəsli bağlanıb, bundan sonra Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub.

Hacıyev qeyd edib ki, bu ilin avqust ayında Azərbaycan və Ermənistan arasında sülh sazişinin və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin paraflanmasının birinci ildönümü qeyd olunub:

“Azərbaycan üçün münaqişə başa çatıb. Biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik”, – deyə prezidentin köməkçisi vurğulayıb.

Prezidentin köməkçisi həmçinin qeyd edib ki, sülh təkcə qarşıdurmanın olmaması deyil, həm də etimadın möhkəmləndirilməsi, bərpa və quruculuq demək olmalıdır. O bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin son görüşü konstruktiv ab-havada keçib:

“Tərəflər sülh gündəliyinin irəli aparılması, etimadın möhkəmləndirilməsi, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin və nəqliyyat bağlantısının inkişafı üçün ikitərəfli qarşılıqlı fəaliyyəti davam etdirməklə bağlı razılığa gəliblər”.

O, həmçinin TRIPP layihəsinin inkişafına da toxunub:

“TRIPP layihəsinin inkişafı ilə bağlı müsbət siqnalları qeyd etməkdən məmnunam. Biz onun icrasına tam sadiqlik nümayiş etdirən amerikalı tərəfdaşlarımıza minnətdarıq. Ümid edirik ki, tikinti işləri yaxın vaxtlarda başa çatacaq”.

H.Hacıyevin sözlərinə görə, ötən il diplomatik korpusun nümayəndələri Bakıdan Zəngilanadək olan nəqliyyat marşrutuna səfər edib və tikinti işlərinin gedişatı ilə tanış olublar. O bildirib ki, dəmir yolu və avtomobil magistralının tikintisi demək olar ki, başa çatıb, bütün layihənin isə bu ilin sonunadək və ya gələn il ərzində (Azərbaycan ərazisində) başa çatdırılması planlaşdırılır:

“Hazırda biz səylərimizi bu layihənin Naxçıvan seqmentinin reallaşdırılmasına yönəldirik. Biz, həmçinin Avropa İttifaqından və digər dövlətlərdən olan tərəfdaşlarımızdan müsbət siqnallar alırıq. Onlar Naxçıvanın bərpası və yenidən qurulması üzrə səylərimizi dəstəkləməyə hazır olduqlarını ifadə edirlər”.

Onun sözlərinə görə, layihənin reallaşdırılması təkcə regionun deyil, həm də Avrasiya qitəsinin daha geniş hissəsinin yeni nəqliyyat bağlantısını təmin edəcək, Şərq-Qərb marşrutlarını və Orta Dəhlizi gücləndirəcək:

“Bu, regionumuzun bütün konfiqurasiyasını dəyişəcək və eyni zamanda Ermənistanın regional proseslərə inteqrasiyasını təmin edəcək”, – deyə H.Hacıyev vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu