İsveçrə Alplarında avtobus qəzası: Çox sayda ölən var



İsveçrənin cənub-şərqində yerləşən Alp dağlarında turist avtobusunun aşması nəticəsində çox sayda insan həyatını itirib.

AFN.az xəbər verir ki, hadisə Qraubünden bölgəsində Sus və Zernez yaşayış məntəqələri arasında baş verib.

Yerli polis qəzanın cümə axşamı günortadan sonra baş verdiyini açıqlayıb.

Hadisə yerinə çoxsaylı helikopterlərin də cəlb olunduğu genişmiqyaslı xilasetmə qrupu göndərilib.

Tur operatoru OAD adından açıqlama verən Niderland Səyahət Şirkətləri Assosiasiyasının nümayəndəsi avtobusda təxminən 48 niderlandlı sərnişinin olduğunu bildirib.

Nümayəndə Niderlandın “De Telegraaf” qəzetinə açıqlamasında hələlik neçə nəfərin öldüyü və ya yaralandığı barədə dəqiq məlumat verə bilməyəcəklərini deyib.

İsveçrə xəbər saytlarında yayılan görüntülərdə dar kənd yolunun kənarında yan üstə çevrilmiş avtobus, eləcə də hadisə yerində çalışan xilasedicilər və təcili tibbi yardım maşınları əks olunub.

Bildirilir ki, avtobus bazar ertəsi Niderlanddan yola düşüb və Avstriyadan İsveçrəyə birgünlük səfər təşkil edib.

İsveçrə Prezidenti Gi Parmelin “X” sosial şəbəkəsində paylaşım edərək hadisədən dərin təəssüf hissi keçirdiyini bildirib və qəza qurbanlarının ailələrinə başsağlığı verib.

Parmelin hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün hərtərəfli araşdırma aparılacağını qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu