Tramp Delsi Rodrigeslə ilk görüşünü keçirməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodrigeslə ilk dəfə görüşməyi planlaşdırır.
AFN.az "Axios"a istinadən xəbər verir ki, Tramp gələn həftə Nyu-Yorkda keçiriləcək Baş Assambleyanın iclasları çərçivəsində Rodrigeslə görüş üçün vaxt ayırmaq istəyir.
ABŞ administrasiyasındakı mənbə portalın sorğusuna cavab olaraq bildirib ki, görüşün keçirilməsi ilə bağlı hələ yekun qərar yoxdur və bunun Trampın öz qərarından asılı olduğu vurğulanıb.
"Axios" yazır ki, ABŞ prezidentinin ətrafındakı bəzi şəxslər Trampın Rodrigeslə mümkün görüşünün onun Venesueladakı mövqeyinə mənfi təsir göstərə biləcəyini düşünürlər. Onların fikrincə, belə bir görüş Rodrigesin ABŞ-ın “marioneti” kimi görünməsinə səbəb ola bilər. Trampın isə bu narahatlığı bölüşmədiyi bildirilir.
BMT Baş Assambleyasının dövlət və hökumət başçıları, həmçinin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli ümumi siyasi debatları sentyabrın 22-26-da və 28-də Nyu-Yorkdakı təşkilatın mənzil-qərargahında keçiriləcək.
