Tarixi kəşf: Ekzoplanetdən ilk dəfə radio siqnalları alındı
Alimlər yerdənkənar həyat izlərini araşdırarkən mühüm kəşfə imza atıblar.
AFN.az xəbər verir ki, Harvard-Smitson Astrofizika Mərkəzi və Oreqon Universitetinin tədqiqatçıları ilk dəfə bir ekzoplanetdən, yəni Günəş sistemindən kənarda yerləşən planetdən birbaşa gələn radio siqnallarını aşkarlayıblar.
Əvvəllər planetlərin yerləşdiyi sistemlərdə aşkarlanan radio siqnallarının ulduzdan, yoxsa onun ətrafında dövr edən planetdən qaynaqlandığını dəqiq müəyyənləşdirmək mümkün olmayıb.
Aşkarlanan radio siqnallarının yadplanetli həyatla əlaqəsi yoxdur. Bildirilir ki, siqnallar yüklü hissəciklərin atmosfer və maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində enerji ayrılması ilə yaranan qütb parıltılarından, yəni auroralardan qaynaqlanır.
Tədqiqatçılar Cənubi Afrikada yerləşən MeerKAT radio teleskoplar massivindən istifadə edərək 2025 və 2026-cı illərdə aparılan dörd ayrı müşahidə zamanı 0,85-3,5 giqahers tezlik diapazonunda sürətli, təkrarlanan və dairəvi polyarizasiyaya malik radio partlayışları qeydə alıblar.
Müşahidələr Yerdən təxminən 63,4 işıq ili məsafədə yerləşən Beta Piktoris ulduzuna və onun ətrafındakı planetlərə yönəldilib. Tədqiqatçılar səma xəritəsində kvazarlardan istinad nöqtələri kimi istifadə edərək siqnalların ulduzdan deyil, Beta Piktoris b planetindən gəldiyini yüksək dəqiqliklə müəyyənləşdiriblər.
Beta Piktoris b planetindən alınan siqnalların xüsusiyyətləri Yer və Yupiterdə də qütb parıltılarının yaranmasına səbəb olan Elektron Siklotron Mazer Qeyri-sabitliyi (ECMI) prosesi ilə uyğun gəlib. Bu proses planetin maqnit sahəsi haqqında da mühüm məlumatlar əldə etməyə imkan verib.
Hesablamalar Beta Piktoris b-nin Yerin maqnit sahəsindən minlərlə dəfə güclü maqnit sahəsinə malik olduğunu göstərib.
Bu, ekzoplanetin maqnit sahəsinin gücünün ilk dəfə birbaşa ölçülməsi deməkdir. Planetdəki qütb parıltısı radio emissiyalarının onun təxminən 8-9 saat davam edən sürətli öz oxu ətrafında fırlanması ilə qidalandığı bildirilir.
İlk dəfə 2008-ci ildə kəşf edilən və Yupiterin təxminən 10 qatı kütləyə malik olan Beta Piktoris b birbaşa aydın radio siqnalı aşkarlanan ilk ekzoplanet olub.
Tədqiqatın nəticələri hələ resenziyalı elmi jurnalda dərc edilməsə də, arXiv platformasında yayımlanıb. Tədqiqatçılar yeni nəsil radio rəsədxanalarının həssaslığının artması ilə yaxın sistemlərdəki digər nəhəng ekzoplanetlərin də oxşar üsulla araşdırıla biləcəyini bildiriblər.
