Belçikada dizelin qiyməti rekord həddə çatdı



Belçikada dizelin satış qiyməti litr üçün 2,501 avroya yüksələrək bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

AFN.az xəbər verir ki, ölkənin İqtisadiyyat Nazirliyi sentyabrın 22-dən etibarən müxtəlif yanacaq növləri üzrə tətbiq ediləcək yeni maksimum qiymətləri açıqlayıb.

Buna əsasən, dizelin B7 növünün litr qiyməti bu gündən etibarən 3,3 sent artaraq 2,501 avro olub. Beləliklə, dizelin qiyməti aprelin 9-da qeydə alınan 2,489 avroluq əvvəlki rekordu geridə qoyub.

Tərkibində 10 faizə qədər biodizel olan B10 dizelinin maksimum litr qiyməti də 3,4 sent artaraq 2,493 avroya yüksəlib.

İsitmə məqsədilə istifadə olunan dizel yanacağının litr qiyməti isə 2 min litrdən az sifarişlər üçün 1,6217 avroya, bu həcmdən çox sifarişlər üçün 1,5812 avroya çatıb.

Belçikada yanacaq qiymətlərinə tətbiq olunan maksimum hədd çərçivəsində İqtisadiyyat Nazirliyi hər gün yanacaq üçün tətbiq edilə biləcək ən yüksək qiymətləri ictimaiyyətə açıqlayır. Yanacaqdoldurma məntəqələri müəyyən edilmiş qiymətlərdən yuxarı qiymət tətbiq edə bilməz.

Hörmüz və Babülməndəb boğazlarında daşımalarla bağlı problemlər, həmçinin Səudiyyə Ərəbistanının nefti Qırmızı dənizə çatdırmaq üçün istifadə etdiyi Şərq-Qərb boru kəmərinin hücumlardan zərər görməsi son günlər Brent neftinin bir barelinin qiymətinin 100 dollardan yuxarı qalxmasına səbəb olub.

Yaxın Şərqdən dizel ixracı mart-avqust dövründə ötən ilin eyni dövrü ilə müqayisədə yarıbayarı azalaraq gündəlik orta hesabla 800 min barelə düşüb.

Avropada dizelin fyuçers qiymətləri də ilin əvvəlindən bəri iki dəfədən çox artıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu