“Rabitəbank”da kassa əməliyyatları ilə bağlı pozuntu – Müştərilər üçün nə təhlükə var?


Azərbaycan Mərkəzi Bankının (AMB) “Rabitəbank” ASC ilə bağlı icrası məcburi sərəncam verməsi bank müştərilərinin diqqətini çəkib.

AFN.az xəbər verir ki, AMB-nin məlumatına görə, sərəncam bankda kassa əməliyyatlarının aparılması ilə bağlı müəyyən edilmiş tələblərin pozulması ilə əlaqədardır və bankdan daxili nəzarət sistemlərinin gücləndirilməsi tələb olunub.

Belə xəbərlər bankda hesabı, kartı və ya əmanəti olan vətəndaşlarda təbii olaraq suallar yaradır: “İcrası məcburi sərəncam” nə deməkdir, bu, bankın maliyyə vəziyyətində problem olduğu anlamına gəlirmi, əmanətçilərin və digər müştərilərin vəsaitləri üçün hər hansı risk yaradırmı?

Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın banklarda pozuntular aşkar edildikdə onların aradan qaldırılmasını tələb etmək səlahiyyəti var:

“Mərkəzi Bankın belə bir səlahiyyəti var ki, banklarda pozuntular olduqda onların aradan qaldırılmasını tələb etsin. Bu da 'icrası məcburi sərəncam' adlanır. Yəni bank 'mən bunu etmirəm' deyə bilməz. Buradakı konkret göstəriş kassa əməliyyatlarının aparılmasında olan pozuntularla bağlıdır. Məsələn, nəyisə düzgün rəsmiləşdirməyiblər və ya oxşar hal baş verib”.

Ekspert vurğulayıb ki, bu qərar bankın maliyyə dayanıqlığı ilə bağlı hər hansı təhlükədən xəbər vermir:

“Bu, əlbəttə ki, heç bir halda bankın hər hansı maliyyə problemi və ya sıxıntısının olması anlamına gəlmir. Sadəcə qanunvericiliyi düzgün tətbiq etmirlər”.

Vəkil əlavə edib ki, mövcud vəziyyət bank müştəriləri və əmanətçilər üçün heç bir risk yaratmır:

“Bu baxımdan bank müştəriləri və əmanətçilər üçün xüsusi bir təhlükə yoxdur. Sadəcə, bank öz işini asanlaşdırmaq üçün müəyyən əməliyyatları daha sadə formada həyata keçirə, yəni düzgün rəsmiləşdirməyə bilsin. Bu da təbii ki, müəyyən risklər yaradır, lakin müştərilər üçün değil, yalnız bankın özü üçün”.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu