Afrika kredit reytinqlərinə görə ildə 75 milyard dollar itirir
Afrika ölkələri suveren kredit reytinqlərinin müəyyənləşdirilməsindəki subyektiv yanaşma səbəbindən ildə təxminən 75 milyard dollar itirir.
AFN.az xəbər verir ki, bunu Keniya Prezidenti Uilyam Ruto BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirəsində çıxışı zamanı deyib.
Rutonun sözlərinə görə, inkişaf etməkdə olan ölkələr inkişaf etmiş dövlətlərlə müqayisədə 2-4 dəfə yüksək faizlə borclanırlar. Nəticədə kapitala daha çox ehtiyacı olan ölkələr onun üçün daha yüksək qiymət ödəyirlər.
“Kredit reytinqlərinin subyektivliyi Afrika ölkələrinə həddindən artıq faiz ödənişləri və borclanmadan imtina şəklində təxminən 75 milyard dollara başa gəlir. Risk ölçülməlidir, lakin ədalətli şəkildə ölçülməlidir”, - deyə Ruto bildirib.
Keniya lideri beynəlxalq maliyyə arxitekturasında islahatların kapitalın dəyəri və əlçatanlığı probleminin həllindən başlamalı olduğunu deyib. O, inkişaf etməkdə olan ölkələr üçün zəmanət və birgə risk bölüşdürmə mexanizmlərinin genişləndirilməsinə, həmçinin milli valyutalarda uzunmüddətli maliyyələşməyə çıxışın artırılmasına çağırıb.
Ruto inkişaf etməkdə olan ölkələrin artan borc yükünə də diqqət çəkib. Onun sözlərinə görə, qlobal dövlət borcu 2024-cü ildə 102 trilyon dollara çatıb, bunun üçdə birindən az hissəsi inkişaf etməkdə olan ölkələrin payına düşüb. Bu ölkələr yalnız faiz ödənişlərinə təxminən 1 trilyon dollar xərcləyiblər.
Keniya prezidenti bildirib ki, hazırda 46 inkişaf etməkdə olan ölkə borcun xidmətinə təhsil və səhiyyəyə ayırdığından daha çox vəsait sərf edir.
“Xəstəxana kreditorla, məktəblər isə borca xidmət xərcləri ilə rəqabət aparır və çox vaxt kreditora ilk növbədə ödəniş edilir”, - deyə Ruto vurğulayıb.


