ABŞ aviadaşıyıcısında 8 hərbçi intihara cəhd edib
ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Abraham Lincoln aviadaşıyıcı zərbə qrupunda xidmət edən səkkiz hərbçinin uzunmüddətli missiya zamanı intihara cəhd etdiyi açıqlanıb.
AFN.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin müavini Hunq Kao bu barədə senator Kirsten Gillibrandın gəmidə xidmət edən hərbçilərin vəziyyəti ilə bağlı suallarına cavab olaraq göndərdiyi məktubda məlumat verib.
Hərbçilərin ailələri Yaxın Şərqdə uzadılan missiya müddətində pisləşən psixoloji vəziyyət və ağır şəraitlə bağlı xəbərdarlıq ediblər.
Ötən ilin noyabrından missiyada olan aviadaşıyıcının hazırda ABŞ-a qayıtdığı bildirilib.
Kao məktubunda heyətin psixoloji və emosional ehtiyaclarının qarşılanması üçün gəmidə beş din xadiminin və çoxsaylı psixi sağlamlıq mütəxəssisinin fəaliyyət göstərdiyini qeyd edib.
Kao bildirib ki, intihara cəhd edən səkkiz hərbçi Linkoln heyəti, aviadaşıyıcı hava qanadı, zərbə qrupu, esmines donanmasının şəxsi heyəti, müşayiət edən esmineslər və aviasiya eskadronlarında xidmət edən şəxslərdən ibarət olub.
ABŞ Hərbi Dəniz Qüvvələri daha əvvəl aviadaşıyıcıda təchizatla bağlı problemlərin olduğunu qəbul etsə də, təxminən 5 min nəfərin xidmət etdiyi Linkolnda psixi sağlamlıq böhranının yaşandığını təkzib etmişdi.
Kao məktubunda su sistemindəki nasazlıqlar və təzə ərzaq çatışmazlığı ilə bağlı narahatlıqlar rədd edilib. Bununla yanaşı, yerli boru xətlərindəki nasazlıqların və su təmizləyici qurğulardakı problemlərin müvəqqəti olduğu, bəzi yemək seçimlərinin isə qısa müddətə azaldıldığı qəbul edilib.
Senatın Silahlı Xidmətlər Komitəsinin üzvü Kirsten Gillibrand ağır şəraitlə bağlı məlumatlara münasibəti tənqid edib və hərbçilərə münasibəti qəbuledilməz adlandırıb.
Gillibrand açıqlamasında ABŞ Prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqsetin əsassız məlumat kimi qiymətləndirdiyi vəziyyətin hərbçilərin ciddi və getdikcə pisləşən şəraitlə üzləşdiyini göstərdiyini bildirib.
O, hərbçilərin və ailələrinin hər gün böyük fədakarlıqlar etdiyini vurğulayaraq administrasiyanın bu vəziyyətə hörmətsiz yanaşdığını qeyd edib.
Aviadaşıyıcı noyabr ayında Kaliforniyadan Cənubi Çin dənizinə getmək üçün yola çıxıb, fevral ayında isə Yaxın Şərqə göndərilib. Əvvəlcə may ayında başa çatması planlaşdırılan missiyanın müddəti bir neçə dəfə uzadılıb.
Avqust ayında doqquz aylıq missiyadan sonra USS Abraham Lincoln aviadaşıyıcısının yerinə USS George Washington göndərilib. ABŞ-a qayıdan hərbçilər Taylandda ilk dəfə quruya çıxıb və daha sonra ABŞ-a səfərlərini davam etdiriblər.
Hərbi məlumatların təhlilinə görə, intihar ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları arasında əsas ölüm səbəblərindən biri olaraq qalır.
2025-ci ilin yanvarında yayımlanan və 956 hərbçini əhatə edən araşdırmada ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərində xidmət edən hərbçilərin digər hərbi bölmələrlə müqayisədə ciddi psixoloji sıxıntı yaşama göstəricisinin daha yüksək olduğu müəyyən edilib.
Araşdırmada ağır yaşayış şəraiti, səs-küy, yuxu və istirahət üçün kifayət qədər vaxt buraxmayan intensiv iş qrafiki əsas stress amilləri arasında göstərilib.





